Məzmuna keç

Tənbəl qız (Ağbaba nağılı)

Vikimənbə saytından
Tənbəl qız (Ağbaba nağılı)
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Çox gözəl, amma olduqca tənbəl bir qız vardı. Bu qız yetkinlik çağına çatmışdı. Gözəl idi, amma tənbəl olduğu üçün elçi gələn yox idi.
Bir gün təsadüfən Əli bu qızı görür və ona aşiq olur. Əli kəndin sevilən, seçilən, zəhmətkeş, ağıllı və yaraşıqlı oğlanlarından biri idi. Əlinin anasından başqa kimsəsi yox idi. Əli bir gün qəlbində gizlətdiyi sevgisini anasına açır. Zöhrəni ona elçiləməyi xahiş eliyir. Zöhrənin adını eşidən ana hirslənib özündən çıxır. Onun çox tənbəl olduğunu kənddə hamının bildiyini söyləyir:
– A bala, bu daşı ətəyindən tök. Ondan mənə gəlin, sənə arvad olmaz. Bu yaşlanmış vaxtımda mənə yazığın gəlsin. Mənim ona qulluq edəcək halım yoxdu!
Ana nə illah eliyir. Əli əl çəkmir ki, əl çəkmir:
– Ana, sən o qızı mənə al, gerisi ilə işin yoxdu, – deyir.
Əlacı kəsilən ana bir gün Zöhrəgilin qapısını döyür. Zöhrəni oğlu Əliyə elçiləyir. Zöhrənin ata-anası bilmirlər sevinsinlər, yoxsa kədərlənsinlər. Qızlarının çox tənbəl olduğunu, heç bir iş görmədiyini söyləyirlər. Əlinin anası bunları bildiklərini, buna baxmayaraq qızı istədiklərini söyləyir. Zöhrənin ata-anası məcbur olub qızlarını Əliyə nişanlayırlar. Toy tədarükü görülür. Əli sevdiyi qıza gözəl bir toy eləyir. Nəhayət, Zöhrə oğlan evinə gəlin köçür. Birinci gün Zöhrə atası evindəki vərdişinə əməl eləyir, yatağından qalxmır. Qaynanası səhər yeməyini onun yatağına gətirir. İki-üç gün belə davam edir. Təzə gəlindi, – deyib qaynana dözür. Dördüncü gün Əli anasına gəlinə yemək aparmamağı tapşırır. Gəlin ha gözləyir, ona yemək gətirən olmur. Sabahı gün də ana-oğul oturub yeyirlər, gəlinə vermirlər. Əli işdən gələndə gəlin xəlvətcə anayla oğulun söhbətinə qulaq asır. Əli soruşur:
– Ana, bu gün nə iş gördünüz?
Anası cavab verir:
– Həyəti süpürdüm, evi yığışdırdım, yemək bişirdim, su gətirdim. Toplan da hürüb həyətə yad adam buraxmadı.
Əli süfrədən bir parça çörək götürüb anasına verir:
– Ana, bu çörəyi Toplana ver, gəl otur yeməyimizi yeyək.
Bu söhbəti eşidən gəlin başa düşür ki, iş görməsə ona yemək verməyəcəklər, acından öləcək. Səhər gəlin yerindən durur, həyəti süpürür. Evi səliqəyə salır. Səhəngi götürüb bulaqdan su gətirir. Qaynana isə qollarını çirmələyib dadlı yeməklər bişirir. Əli işdən gəlir. Süfrəni hazır görüb anasından soruşur:
– Bu gün nə iş gördünüz?
Anası deyir:
– Zöhrə həyəti süpürdü, evi təmizlədi, su gətirdi, süfrəni hazırladı. Mən yemək bişirdim. Toplan hürüb bostana girən quşları qovdu.
Əli bir parça çörək götürüb Toplana verir və Zöhrəni də süfrəyə çağırır. O gündən Zöhrə tənbəlliyin daşını atır. Qaynanasının qoçaq gəlini, ərinin isə çox sevdiyi xanımı olur.
Zöhrənin gəlin köçməsindən bir-iki ay keçir. Atasının, anasının gözü qapıda qalır. İndi qovarlar, bir azdan qovarlar, amma tənbəl qızları qayıtmır ki, qayıtmır. Anası bir az pay-püş hazırlayıb ərinin qoltuğuna verib deyir:
– A kişi, get gör bizim qızın başına nə gəldi? Nə yaxşı bir xəbər-ətər yoxdur?
Kişi ürəyində qızını danlaya-danlaya gəlib onlara çıxır.
– Görən, mənə nə deyəcəklər, – deyə, qorxa-qorxa qapını döyür.
Qapını Zöhrə açır. Atasıyla görüşür. Kişi görür ki, ev-eşik tərtəmizdir. Təndirdən də yemək qoxusu gəlir. Atasını oturdan Zöhrə tez qaçıb mətbəxdən bir-iki diş sarımsaq və sarımsaqdöyəni gətirir. Atasına verib deyir:
– Dədə, sən də bu sarımsaqları əz, yoxsa sənə yemək verməzlər. Təndirdə baş-ayaq var. İndi gələrlər, birlikldə yeyərik. Bunlarda iş görməyənə yemək vermirlər.
Ata barmağını dişləyib ürəyində kürəkəninə tənbəl qızını yola gətirdiyinə görə bərəkallah deyir.