Təngə gəldim, saqiya, bu məscidi-viranədən

Vikimənbə saytından
Jump to navigation Jump to search
Təngə gəldim, saqiya, bu məscidi-viranədən
Müəllif: Molla Ağa Bixud
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Təngə gəldim, saqiya, bu məscidi-viranədən,
Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.

Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,
Olmuşam indi xəcil bu tutduğum əfsanədən.

Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,
İmdi oldu aşikara sən verən peymanədən.

Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm,
Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.

Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,
Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.

Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl
Söhbəti-əğyari, qəti-ülfət et biganədən.

Mən ki namü nəngdən keçdim yolunda saqinin,
Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?