Məzmuna keç

Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim

Vikimənbə saytından
Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.210.

Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim,
Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim.

Bəqayi-ruhimi bildim zülali-lə’li-nabindən,
Həyatımdır dedim, bağrıma basdım, qanə bənzətdim.

Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə,
Həramilər yatağ mənzili-viranə bənzətdim.

Tənimdən incinib çıxmış rəvan can kimi peykanın,
Neçük incinməsin, yetdikdə zövqün, canə bənzətdim.

Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm,
Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim.

Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə’ni
Ki, neyçün yar lə’lin çeşmeyi-heyvanə bənzətdim.