Təpəgöz
Təpəgöz Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi. Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. Çoban qoyunların birini sağıb uşağa içizdirdi. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi, ağasının arvadına verdi. Ağası və arvadı çox şad oldular. Arvad uşağı öz uşağı kimi saxlamağa başladı.
Bir gün arvad Təpəgözü yedizdirib beşiyə qoydu, qollarını çırmayıb bir tabaq xəmir yoğurdu. Xəmiri evdə qoyub ocaq qalamağa getdi. Arvad bayıra çıxan kimi Təpəgöz sıçrayıb beşikdən yerə düşdü, bir göz qırpımında xəmirin hamısını yeyib, yenə beşiyə çıxdı. Arvad ocağı qaladı, sacı ocağın üçtünə qoydu, evə gəldi ki, xəmiri aparıb bişirsin. Tabağı boş gördü. Evdə uşaqdan başqa heç kəs yox idi. Beşgünlük uşaq da xəmir yeyərmi? Bu ağıla batası iş deyildi. Arvad güman etdi ki, xəmiri cin-şeytan aparıb. Təzədən bir tabaq xəmir yoğurdu. Yenə bayıra çıxan kimi Təpəgöz beşikdən sıçrayıb xəmiri yedi, beşiyə çıxdı. Arvad gəlib gördü ki, yenə xəmir yoxdur. Üçüncü dəfə də yoğurub bişirdi. Bu əhvalatın üstündən bir neçə gün keçdi.
Bir gün ağa iki toğlu ayırıb evə saldı ki, səhər kəssin. Arvad yenə Təpəgözü yedirib bayıra çıxdı. O qapıdan çıxan kimi Təpəgöz beşikdən sıçrayıb yerə düşdü, toğluların ikisini də yedi, yenə beşiyə çıxdı. Ağa və xanım içəri girib gördülər ki, toğlular yeyilib, sür-sümüyü qalıb. Bu dəfə də onlar cin-şeytandan şübhələndilər. Sözü bir yerə qoydular ki, bir başqa yerdə ev tikib köçsünlər. Durub qonşuya məsləhətə getdilər. Bu zaman qonşu uşağı onlara gəldi. Təpəgöz onu tək görüb, beşikdən sıçradı, uşağı parçalayıb yedi. Bu əhvalatdan sonra ağa ilə arvadı qorxudan gecəni qonşuda yatdılar. Ancaq gündüzlər evə qayıtdılar. Bir neçə gün keçdi. Təpəgöz bərk acdı. Anasına dedi:
- Ana, mənə bir az çörək ver, bərk acam.
Anası gətirib onun qabağına bir az çörək qoydu. Təpəgöz bu çörəyi bir loğmada yeyib dedi:
- Ana, belə çörəklə aclığım sönməz, evdə nə qədər çörək varsa gətir.
Anası təəccübləndi, evdə nə qədər çörək vardısa, hamısını gətirdi. Təpəgöz yeyib qurtardı, yenə doymadı. Bu vaxt qapıya bir camış gəldi. Təpəgöz onu da basıb yedi, yenə doymadı. Sonra anasının əlindən öpüb dedi:
- Ana, mən sizin bütün var-dövlətinizi yesəm, yenə də doymaram. Mənə Təpəgöz deyərlər. Mənə halallıq ver, gedib özümə bir mağara düzəldəcəyəm.
Təpəgöz anasının əlindən öpüb ayrıldı, gedib bir qalaçaya çıxdı. Buranı özünə məkan elədi. Təpəgöz çapdı, taladı, özünə çoxlu qoyun topladı. Onun qoyunları at, camış böyüklüyündə idi. Qoyunu həmişə özü otarardı. Bir böyük çinarı kökündən çıxarıb özünə çomaq eləmişdi. Bir oturanda üç qoyunu parçalayıb yeyərdi. Dişinin acısını almaq üçün üstündən bir adam da yeyərdi. Onun qalaçasının həndəvərinə nə bir insan, nə də bir heyvan yaxınlaşardı.
Təpəgözün əməlləri bununla bitmirdi. Gecələr kəndlərinə girib adamları parçalayıb yeyərdi. Çoxunu da tutub sağ-salamat mağarasına aparardı. Bu minvalla əhali tamam ac qaldı, anaların südü qurudu. Adamlar belə qərara gəldilər ki, Təpəgözün əlindən qaçıb başqa ölkələrə getsinlər. Belə bir vaxtda İmran adlı bir kişinin qızı Qəmər də hamilə idi. Qəmər qaçarkən meşədə ağrısı tutdu, uşağı oldu. O uşağın adını İsgəndər qoydu. Qoluna bir bazubənd bağladı, meşədə bir kahaya atdı. Bu vaxt kol körpənin alnını cızdı, uşağın alnı qanadı. Anası yaylığını cırdı, balasının başını sarıyıb gözlərindən öpdü, ağlaya-ağlaya ondan ayrıldı.
Sən demə, bu kaha bir şirin yuvası imiş. Bəli, axşam oldu, şir ovlayıb, quşlayıb kahasına qayıtdı. İçəri girəndə gördü ki, kahasında bir uşaq ağlayır. Əvvəlcə istədi onu yesin, sonra yazığı gəlib ona yaxınlaşdı, uşağın ac olduğunu görüb öz südü ilə yedizdirdi. Uşaq şirin südünü içib ağlamağını kəsdi. Şir uşaq üçün otlardan yumşaq yer düzəldib orada yatırtdı. Şir hər gün uşağı doyunca əmizdirib ova gedirdi. Axşam qayıdıb yenə əmizdirirdi. Beləcə uşaq böyüyüb on yaşına çatdı. Uşağın bütün xasiyyətləri və hərəkətləri şirə oxşayırdı. Özü də o qədər qüvvətli idi ki, dağa əl atsaydı, yerindən tərpədərdi.
İndi sizə xəbəri Təpəgözdən verim. Təpəgöz yaşadığı qalaçanın ətrafına bir quş da qona bilmirdi. Onun üstünə nə qədər qoşun, pəhləvan göndərirdilərsə, bacara bilmirdilər. Çünki Təpəgözə qılınc, nizə, ox batmırdı. Bunun əhvalatını şir İsgəndərə nağıl elədi. İsgəndər dedi:
- Ana, izn ver mən səfərə çıxım. Təpəgözün məkanını öyrənim, görüm o nə cür canlıdır?
Şir dedi:
- Ey oğul, o tilsimlidir, gedib tələsinə düşərsən, səni yeyər. Getmə.
İsgəndər dedi:
- Ana, mən onun mağarasına getməyəcəyəm, arxayın ol.
Şir çox dedi, oğlu sözündən dönmədi, axırda razı olub dedi:
- Get, ancaq Təpəgözün mağarasının ətrafına hərlənmə, bilib səni parçalar. Ehtiyat üçün al, tükümü də götür. Dara düşsən, məni çağırarsan, gələrəm.
İsgəndər şirlə görüşüb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, bir biyabana çıxdı. Baxdı ki, bir dəstə adam harasa gedir. İsgəndər onlara yaxınlaşıb soruşdu:
- Yolçu qardaşlar, hara gedirsiniz?
Dedilər:
- Təpəgözün əlindən baş alıb gedirik.
İsgəndər soruşdu:
- Təpəgöz sizə nə edib ki?
Dedilər:
- Daha nə eləyəcək? Bütün uşaqları yedi. Kəndlərimizi xaraba qoydu.
İsgəndər soruşdu:
- Onun qalaçasını mənə göstərə bilərsinizmi?
Dedilər:
- Bax, o görünən dağın təpəsindədir.
İsgəndər soruşdu:
- Həmişə o qalaçada olur?
Yolçulardan biri dedi:
- Gündüzlər qoyun otarır, gecələr qalaçada yatır. Qardaş, söhbət dananı qurda verər. Təpəgöz gəlib bizi yeyər. Tez buradan qaçıb uzaqlaşaq.
İsgəndər dedi:
- Bura gəlib çıxa bilməz. Bu danışıqda bir gurultu eşidildi, biyabanın bir tərəfindən Təpəgöz, qabağında qoyun sürüsü göründü. Təpəgöz bunları görəndə ley kimi başlarının üstünü aldı.Çomağını çəkdi haraylayıb hər üçünü sürüyə qatdı. Axşama kimi heyvanları gəzdirdi. Qaranlıq düşəndə sürünü qalaçasına apardı, adamları da heyvanlarla birlikdə kahaya doldurdu. Təpəgözün kahasının qapısı dağ böyüklükdə bir qaya idi. Təpəgöz qoyunu kahaya yığanda, örüşə çıxaranda kahanın ağzını örtdü. İsgəndəringilin yanına gəldi. Əli ilə adamların ikisini yoxlayıb dedi:
- Sizin heç yeməli ətiniz yoxdur, çox arıqsınız, gərək sizi bir az kökəldim.
Sonra İsgəndərə tərəf getdi, ona əl atmaq istəyəndə İsgəndər ona elə bir yumruq vurdu ki, Təpəgöz ovxalana-ovxalana qaldı. Elə bil gözünə işıq gəldi, dedi:
- Əhsən sənə, doğrudan da, qüvvətli pəhləvansan. Çoxdandır könlümə pəhləvan əti düşüb.
İsgəndər dedi:
- Məgər mən toyuq-zadam ki, məni yeyəsən?
Təpəgöz dedi:
- Mənim əlimdə toyuqdan da balacasan.
Təpəgözün bu sözü İsgəndərə toxundu. Qılıncını çəkib Təpəgözün başına bir qılınc vurdu. Təpəgöz bərkdən gülüb dedi:
- Ey pəhləvan, qolumu yorma, sənin qılıncın məni kəsməz.
İsgəndər gördü ki, doğrudan da Təpəgözə qılınc batmır. Çəkilib bir kənarda durdu. Təpəgözün əlindən qurtarmaq üçün bir tədbir aradı. Harayı hara çatacaq? Öz ayağı ilə Təpəgözə yem gəlmişdi. Təpəgöz İsgəndərə diqqətlə baxıb dedi:
- Görürəm çox fikir edirsən, ona görə də səni bu gün yemirəm, sabaha saxlayıram. İndi bu arıqları yeyəcəyəm.
Təpəgöz sözünü tamam edib İsgəndərin yoldaşlarını şişə taxdı. Bir ocaq qaladı. Adamları qıpqırmızı qızardıb yedi. İsgəndər gördü ki, Təpəgöz yoldaşlarının hərəsini bircə tikə eləyib uddu, sonra başının altına yastıq əvəzinə bir qoyunu qoyub yatdı. Təpəgöz yatan kimi İsgəndər cəld yerindən qalxdı. Qoyunun birini öldürdü, ətindən kabab çəkib yedi, dərisini də başına çəkib qoyunların içinə girdi. Bir müddət keçdi. Təpəgöz yuxudan oyandı, ha baxdısa da İsgəndəri görmədi, kahanı axtardı, İsgəndəri tapa bilmədi. Təpəgöz lap məəttəl qalmışdı. Kahadan çıxmağa yol yox idi. Bəs bu necə oldu? Kahanın ağzını açdı, qoyunları haraylayıb kahadan çıxartdı. İsgəndər də qoyunlarla çıxmışdı. O, qoyunlardan seçilmirdi, qaçmağa fürsət axtarırdı. Təpəgöz qoyunları bir dağın ətəyində göy otlağa yaydı, özü başını bir daşın üstünə qoyub yuxuya getdi. İsgəndər bunu görən kimi dərini başından çıxarıb kənara tulladı, düz şir anasının yanına gəldi, bütün əhvalatı ona nağıl elədi. Sir anası dedi:
- Afərin oğlum, onun əlindən yaxşı qurtarmısan.
Isgəndər dedi:
- Ana, bəs Təpəgözü nə cür öldürmək olar?
Şir dedi:
- Oğul, onun kahasında bir ox var. O oxa hər kəs əlini vursa, atılıb onu öldürər. O oxla onun gözündən vursan, ölər. Başqa heç bir şeylə ölməz. O oxu da ki, götürmək müşkül məsələdir.
İsgəndər dedi:
- Ana, o zalım mənim gözümün qabağında adamları şişə taxıb yedi. Mənə kömək elə, gedim onu öldürüm.
Şir dedi:
- Oğul, bu sevdadan əl çək, onu öldürə bilməzsən, səni yeyər.
İsgəndər dedi:
- Ana, mən gedəcəyəm. Ya mənə verər Allah, ya da ona.
Şir dedi:
- Oğul, sən şir oğlusan, şir südü ilə böyüyənə sehr, əfsun kar eləməz. Ancaq bu Təpəgöz başqa bəladır.
Şir çox dedi, oğlu az eşitdi, axırda şir dedi:
- Oğul, indi ki, gedirsən, onda sözümə yaxşı qulaq as. Mənim dediklərimə əməl edə bilsən, onu öldürə bilərsən. Yenə həmin biyabana gedərsən. Bir qoyun dərisinə girib, Təpəgözün qoyunlarına qarışarsan. Kahada gözlərsən. Təpəgöz yatar. Al bu qılıncı. Bunun poladı mənim döşümün südündən yoğrulub. Qılıncı çəkib oxa vurarsan. Ox atılıb səni vurmaz, tilsimdən düşər. Onu götürərsən. Oğul, elə etməlisən ki, bir oxla onun gözündən vurasan. Əgər vura bilməsən, qaranlıq dünyaya düşəcəksən. Elə ki, gözündən vurub kor elədin, yenə onun əlinə düşmə, səni parçalayar. Kahanın ortasında bir quyu var. Onu itələyib, quyuya salarsan, quyunun da ağzına kahanın ağzındakı qayanı yıxarsan. Təpəgöz ancaq o quyuda ölə bilər. İndi söylə görüm, dediklərimə əməl edə bilərsənmi?
İsgəndər dedi:
- Ana, əməl edərəm.
Şir dedi:
- Dara düşəndə tükümü oda tutarsan, gələrəm. İsgəndər anası ilə halal-hümmət eləyib yola düşdü. Dərələrdən sel kimi, təpələr- dən yel kimi, badeyi-sərsər kimi gedib yenə həmin biyabana çıxdı. Bir qoyun dərisinə girib Təpəgözün qalaçasına gedən yolda yatdı.
Axşam oldu, bir də gördü ki, budur, Təpəgöz qoyunları gətirir. İsgəndər Təpəgözün qoyun sürüsünə qarışıb onun kahasına getdi. Təpəgöz bir neçə qoyunu parçalayıb yedi, üstündən bir adam da qızardıb, dişinin acısını aldı, sonra başını bir qoyunun üstünə qoyub yatdı. İsgəndər fürsəti fövtə vermədi. O saat qoyun dərisindən çıxıb hər tərəfə baxdı, gördü ki, Təpəgözün oxu kahanın qapısının ağzından asılıb. Düz oxa tərəf getdi, qılıncı sıyırıb oxa tərəf tutdu, ox tilsimdən düşdü, atılmadı. İsgəndər oxu götürəndə qoyunlar hürkdülər. Təpəgöz yerindən qalxdı, İsgəndəri görəndə bərkdən nərə çəkib dedi:
- Ey pəhləvan, sən nə cür bu kahaya girdin? Tez söylə, yoxsa, and içirəm anamın südünə səni parça-parça edəcəyəm.
İsgəndər dedi:
- Daşı götürüb, içəri girdim, yenə də örtdüm.
Təpəgöz oxunu İsgəndərin əlində gördü, canına bərk qorxu düşdü, dedi:
- Ey pəhləvan, sən iki dəfə mənim kahama gəlib sağ qurtarmısan. Mənim səninlə daha işim yoxdur. Gəl qardaş olaq.
İsgəndər dedi:
- Səninlə mənimki tutmaz.
Təpəgöz dedi:
- Onda, yaxın gəl, sənə o oxu atmağı öyrədim. O başqa adamın əlində atılmaz.
İsgəndər dedi:
- Mənim əlimdə atılar.
Təpəgöz o saat bildi ki, İsgəndər sirləri bilir, onun gözündən vuracaq. Gözünü əli ilə tutub İsgəndərə tərəf yüyürdü. İsgəndər ona bir ox atdı, ox Təpəgözün gözünə dəymədi. Bir gurultu qopdu, dərin quyu açıldı. İsgəndər yüz arşın quyunun dibinə düşdü, yenə də quyunun ağzı örtüldü. İsgəndər quyunun içində o tərəf, bu tərəfə çox gəzdi, axırda bir balaca deşik tapdı. Bu deşiyə girdi, yeddi gün, yeddi gecə yol gedib, axırda bir meşəliyə çıxdı. Bir pöhrəlikdə qoca kişiyə rast gəldi. Kişi İsgəndəri görən kimi dedi:
- Qadan alım, hardan gəlib, hara gedirsən?
İsgəndər dedi:
- Məni Təpəgöz bura salmışdır.
Kişi dedi:
- Yolunu öyrədərəm, tilsimdən çıxarsan. Bir yaxın gəl. İsgəndər kişiyə tərəf getmək istəyəndə, o yekə bir əjdaha oldu, bərkdən zəbanə çəkdi. Hər tərəfdən əjdaha, ilan, əqrəb, qurd kimi heyvanlar töküldülər İsgəndərin üstünə. İsgəndər qılıncını çəkib əvvəlcə rast gəldiyi kişinin başına qılıncı elə vurdu ki, başı iki parça oldu. Hava qaranlıqlaşdı, bərk külək əsdi, tozanaq qopdu, hər tərəfdən əcaib səslər gəldi. Bir azdan hava işıqlandı, qırmızı günəş doğdu. İsgəndər ilan, əjdahaların heç birini görmədi. Elə bil, onlar heç yox imiş.
İsgəndər ölən əjdahanın yanında bir mağara gördü, “Ya mədəd” deyib mağaraya girdi. Gördü ki, burada hər nə istəsən var. Yeməli şeylər dizə çıxıb. İsgəndər bərk ac idi. Doyunca yedikdən sonra mağaranın içini gəzməyə başladı. Mağaranın lap dibində bir qoca kişi gördü. İsgəndərin gözü qorxmuşdu, istədi sorğu-sualsız kişini öldürsün. Qoca İsgəndərin fikrini başa düşüb dedi:
- Ey cavan, məni başqa dona girmiş adam hesab eləmə, mən Yəmən padşahın oğluyam. Otuz ildir ki, bu tilsimdə əziyyət çəkirəm. Tilsimə düşəndə cavan oğlan idim, indi qoca kişi olmuşam.
İsgəndər dedi:
- Ey qoca, bəs biz nə edək ki, qaranlıq dünyadan işıqlı dünyaya çıxaq?
Qoca dedi:
- Bu mağaranın şərq tərəfində qanadlarından bağlanmış bir Zümrüd quşu var. Əgər onun qanadlarını açıb tilsimdən azad eləsən, o bizi işıqlı dünyaya çıxarar. O quşu azad eləmək üçün bu mağaranın sahibini öldürməlisən.
İsgəndər dedi:
- Mağaranın sahibi haradadır?
Qoca dedi:
- Mağaranın ağzında oturur. Hər dona girir. Bilmirəm, necə olub ki, gələndə səni görməyib.
İsgəndər dedi:
- Mən həmin ifritəni öldürdüm.
Qoca bərkdən gülüb dedi:
- Onda iş bir qədər asandır. Gedək, indi mən sənin yoldaşın olum.
Kişi İsgəndəri götürüb bir qaranlıq yerə apardı. İsgəndər gördü ki, burada bir Zümrüd quşunun qanadları zəncirlənmişdir. Yazıq quş ah-fəğan edir, gözlərinin yaşını tökür. İsgəndər qılıncı çəkib quşun qanadlarının zəncirlərini parçaladı. Zümrüd quşu bir neçə dəfə qanad çalıb dedi:
- Ey cavan, neçə ildir ki, bu bu tilsimdə əzab çəkirdim, sən məni azad elədin, nə diləyin varsa de, yerinə yetirim.
İsgəndər dedi:
- Ey quş, bizi işıqlı dünyaya çıxart.
Zümrüd quşu dedi:
- İşıqlı dünyaya çıxmaq üçün qaranlıq dünyanın sahibi divi öldürmək lazımdır.
İsgəndər dedi:
- Qaranlıq dünyanın sahibini öldürmüşəm.
Zümrüd quşu dedi:
- Onda azuqədən-zaddan götürün, yola düşək. Ləngiməyin, qara divin qardaşları səfərdən qayıdıb, bizi parçalayar.
İsgəndərgil azuqədən-zaddan götürüb, quşun qanadlarının üstünə mindilər. Quş qanad açıb havaya qalxdı, yeddi gün, yeddi geçə uçdu, onları işıqlı dünyaya çıxartdı. İsgəndər yoldaşını Yəmən şəhərinə yola saldı, Zümrüd quşu ilə sağollaşıb, düz Təpəgözün qoyun otlağına gəldi. Təpəgöz onu görən kimi nərə çəkib dedi:
- Ey İsgəndər, demək yenə də ölmədin!
İsgəndər dedi:
- Ey Təpəgöz, onu bil ki, səni öldürməmiş ölməyəcəyəm.
Təpəgöz gülüb dedi:
- Sənin kimi adamların əlində ölsəydim, çoxdan ölərdim.
İsgəndər onun oxunu gizlətmişdi. Birdən çıxartdı, onun gözünə bir ox vurdu. Təpəgöz nərə çəkib İsgəndərə tərəf yüyürdü. İsgəndər yerini dəyişdirdi. Ona nə qədər ox, qılınc vurdusa, heç biri kar eləmədi. Kor olmuş Təpəgöz onu tutmağa çalışırdı, nəriltisi ərşə qalxırdı. İsgəndər lap yoruldu. Birdən anasının tükü yadına düşdü. O saat oda tutdu. Sir hazır oldu, gördü ki, Təpəgöz oğlunu yaxalamaqdadır. Şir bir nərə çəkib qoyunları hürkütdü. Qoyunlar qalaçaya tərəf getdilər. Təpəgöz qoyunların arxasına düşüb düz mağarasına getdi. İsgəndər bütün əhvalatı şir anasına nağıl eləyib dedi:
- Ana, onu kor eləmişəm, ancaq öldürə bilmirəm.
Şir onun igidliyinə afərin söyləyib dedi:
- Oğul onu öldürmək üçün mağarasında olan quyuya salmaq lazımdır. O quyu onun qəbridir.
İsgəndər dedi:
- Bəs mən onu quyuya necə sala bilərəm?
Şir dedi:
- Oğul, gərək yenə də qoyun donuna girib onun mağarasına girəsən, çalışıb onu quyuya salasan. Bundan başqa yol yoxdur. Amma ehtiyatlı ol, əlinə keçsən, səni parçalar.
Şir qayıdıb getdi.
İsgəndər düz Təpəgözün mağarasının yanına gəldi. Qoyun dərisini geyinib, mağaranın ağzına gəldi və bərkdən mələməyə başladı. Təpəgöz gözünün dərdində idi. Qoyunun səsini eşidəndə elə bildi ki, qoyunlardan biri bayırda qalıb. Tez mağaranın ağzındakı qayanı götürüb, İsgəndəri qoyunların içinə buraxdı. İsgəndər quyunu tanıyırdı. Düz quyunun başına getdi. Ara vermədən mələməyə başladı. Təpəgözün gözü ağrıyırdı, özünü çox pis hiss edirdi. Qoyunun səsi bir az da onu əsəbiləşdirdi. Səsə tərəf getdi ki, onu parçalayıb öldürsün. İsgəndər bir balaca yerini gəyişdirdi. Təpəgöz quyunun başına gələndə fürsəti fövtə vermədi, o saat onu itələyib quyuya saldı. Təpəgöz quyunun dibində yalvarmağa başladı:
- Ay İsgəndər, mən daha kor olmuşam. Məni quyudan çıxart, gedim dilənim, başımı saxlayım. Ölüncə sənə duaçı olaram.
İsgəndər dedi:
- Qəbrə girən ölü geri qayıtmaz.
Təpəgöz nə qədər yalvardısa, İsgəndər onun sözünə baxmadı. Mağaranın ağzında olan yekə qayanı quyunun ağzına yıxdı. Təpəgöz çığıra-çığıra öldü. İsgəndər onun var-yoxunu, qoyunlarını götürüb şir anasının yanına gəldi. Şir anası onun gözlərindən öpüb dedi:
- Oğul, indi sözlərimə qulaq as, sən mənim doğma oğlum deyilsən. Sənin anan bəni-adəmdir. Təpəgözdən qorxub qaçanda səni mənim kahama atıb. Mən sənə analıq elədim, saxladım. Sən camaatın qisasını Təpəgözdən aldın. Sənin anan İmran adlı bir kişinin qızı Qəmər xanımdır. O səni tanıyar, qoluna bir bazubənd bağlamışdı.
İsgəndər kədərlənib dedi:
- Sən Allah, məni anamın yanına apar, onu görüm, yenə qayıdaq.
Şir dedi:
- Onda dalımca gəl.
Şir qabaqda, İsgəndər isə dalınca getdi. Şir onu yeddi illik yolla düz İmran kişinin qapısına apardı. Gecə idi. İmran kişi arvad-uşaqları ilə çörək yeyirdi. Şir qapıya bir təpik vurdu. İmran kişi qapıya çıxanda şirlə İsgəndəri gördü, qorxuya düşdü. Geri qayıtmaq istəyəndə şir onu dayandırıb dedi:
- Ey İmran kişi, qorxma, qızın Qəmər xanımı bayıra çağır. Ona sözümüz var.
İmran kişi toxtayıb Qəmər xanımı bayıra çağırdı. Qəmər xanım bayıra çıxan kimi şir dedi:
- Ey İsgəndər, sənin anan bax, budur.
İsgəndər bazubəndini göstərdi. Qəmər xanım bazubəndi görən kimi İsgəndərin üzünə baxdı, alnındakı çapığı da görəndə onun boynuna sarıldı. Bir qədər söhbətdən sonra İsgəndər dedi:
- Ana, Təpəgözü öldürmüşəm.
Bu əhvalatdan anasıgil çox sevindilər, yığışıb öz yerlərinə gəldilər. İsgəndər anasına dedi:
- Ana, mən gedirəm.
Şir dedi:
- İsgəndər, getmə, sən ananın yanında qal, mən hər gün səni görməyə gələrəm, səndən ayrılmaram. İsgəndər razı olmadı. Şir də yığışıb bunların yanına gəldi. Kefi kök, damağı çağ ömür sürməyə, gün keçirməyə başladılar.
Nağıl qurtardı. Siz sağ, mən salamat, siz yüz yaşayın, mən iki əlli.