Məzmuna keç

Təpəgözün gözünün çıxması

Vikimənbə saytından
Rəvayətlər. Təpəgözün gözünün çıxması
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir ər-arvad vardı. Onların uşaqları olmurdu. Kişi nə qədər arvadı ilə nəzir-niyaz verirdisə də, bir şey çıxmırdı. Axır bir ili bunların bir uşağı olur ki, bunlar sevinmək əvəzinə kədərlənirlər. Səbəbi də o idi ki, uşağın bir gözü var idi, o da təpəsinin ortasında. Ata-ana naəlac qalıb uşağı saxladılar. Sonrakı il onların bir qızı da oldu. Amma qız çox qəşəng idi. Təpəgöz elə tez böyüyürdü ki, heç uşağa bənzəmirdi. Ata-ana uşağı doyuzdura bil- mirdilər. Təpəgözə hər nə qədər yemək verirdilərsə, o yenə qışqırırdı ki, acam, acam.

Bir gün kənddən bir adam yoxa çıxır. Hər nə qədər gəzirlərsə, nə ölüsünü, nə dirisini tapa bilmirlər. Bir neçə gün keçir, kəndin adamlarından biri də yoxa çıxır. Bunu da nə qədər axtarırlarsa tapa bilmirlər. Bu yolla hər gün bir adam yoxa çıxır. Camahat təəccüblənir ki, görəsən bunlar necə olur. Kimin ki, əli-ayağı tutur, bu kənddən çıxıb gedir. Gedə bilməyənlərdən hər gecə birisi yoxa çıxır. Təpəgözün ata-anası qocalmışdı. Daha başqa yerə getməyə taqətləri qalmamışdı. Odur ki, oturub özlərinin də bir gün yoxa çıxacaqlarını gözləyirdilər. Balalarını yanlarına çağırıb dedilər:

– Balalarım, çıxın buradan gedin, biz günümüzü görüb, dövranımızı da sürmüşük. Barı siz bir gün görün.

Qız getmək istəyir, amma Təpəgöz qoymur. Başlayır yalandan dil tökməyə ki:

– Nə danışırsınız, biz heç sizi qoyub bir yerə gedə bilmərik? Qoy elə nə olacaqsa hamımıza olsun.

Demə, yoxa çıxan adamların hamısını Təpəgöz yeyirmiş. Bir gün kənddə qalan adamların axırıncısı da yoxa çıxdı. Təpəgöz bir gün dözdü. Necə olsa ata-ana idi. Axırda bir gecə dözməyib bunları da yedi. Sən demə, bunları qız görürmüş. Yazıq qız başladı ehtiyatlı olmağa.

Qız Təpəgözə dedi:

– Qardaş, gəl burdan gedək, indi də növbə bizimdi.

Qız bunu deyirdi ki, görsün Təpəgöz nə deyəcək.

Təpəgöz dedi:

– Bacı, mən ölməmişəm ki, sənə toxunsunlar. Heç yerə getmək lazım deyil.

Qız gördü ki, yox bunun fikri ayrıdı. Gecə ikən evdən çıxdı. Qızın bir iti də var idi. Bunların ikisi də getməkdə olsun, görək Təpəgöz nə elədi. Təpəgöz qalxıb gördü ki, qız yoxdu. Bildi ki, qaçıb. Bu da başladı qızın dalınca getməyə. Qız gördü ki, budur, Təpəgöz çathaçatdı. Yazıq ora baxdı, bura baxdı, bilmədi nə eləsin. Gördü bir yekə qoz ağacı var. Tez bu ağaca çıxdı. Təpəgöz gördü ki, qız ağaca çıxıb, başladı yalandan qızı dilə tutmağa ki:

– Bacı, düş gəl, evimizə gedək.

Qız dedi:

– Yox, qardaş, elə bura yaxşıdı.

Axırda gördü ki, qız düşməyəcək. Başladı ağacı kəsməyə, çünki ağaca çıxa bilmirdi. Azca qalmışdı ki, ağac qırılıb düşsün yerə, it bayaqdan tullandı Təpəgözün üstünə. Pəncələri ilə elə vurdu ki, Təpəgözün bircə gözü də çıxdı. Başladı özünü ora-bura vurub qışqırmağa. Bir xeyli çabalayıb öldü.

Qız sevinə-sevinə ağacdan düşdü. İtin boynunu tumarladı. İtini də götürüb başqa kəndə yaşamağa getdi.

Mənbə

[redaktə]