Tərlan

Vikimənbə saytından
Tərlan
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Tovuz kimi sığal verib özünə,
Düzübsən telini qabağa, Tərlan!
Behiştdə bəstənmiş bir cüt lalanı
Xudam bəxş eləyib yanağa, Tərlan!

Nə gözəl yaradıb barı xudaya,
Kirpiklərin oxudur, qaş bənzər yay.
Ölümcül xəstələr gələr şəfaya,
Bir yol üzün sürtsə buxağa, Tərlan!

Halı olsan bir Musanın halından,
Doymaq bilmir sənin mah camalından.
Əmən ölməz ləblərinin balından,
Qənd əzilib dilə, dodağa, Tərlan!