Məzmuna keç

Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı

Vikimənbə saytından
Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı
Müəllif: İmadəddin Nəsimi

Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı,
Bu xərabı qıldı mə’mur, xoş imarət yapdı.

Məskənət saldı xəyalın könlümün viranına,
Tərcüman qılsa gərəkdir gənci-məxfi tapdı.

Zahida, inkara düşmə, olalım iqrari-eşq,
Çün əzazil münkir oldu, əgri yola sapdı.

Əjdəhayı göricək Musa əsasın daşladı,
Əjdəha oldu əsası, əjdahayı qapdı.

Zülfünüz çəkdi çəri gəldi Xəta, Çin üstünə,
Xalınız qopdu Həbəşdən Rum elini çapdı.

Mustafanın mö’cüzündən iki şəqq oldu qəmər,
Heybətindən Heydərin dağlar yerindən qopdu.

Can fəda qıldı Nəsimi əz dəmi-Fəzli-ilah,
Başını top eylədi, çövkanın aldı çapdı.