Tap görək

Vikimənbə saytından
Jump to navigation Jump to search
Tap görək
Müəllif: Cəfər Cabbarlı

Bir küçəm var buxartana
Qələndər-a-qələndər!
İşçi yaşar buxartana,
Qələndər-a-qələndər!

Şalmanı var buxartana,
Qələndər-a-qələndər!
Lampası var buxartana,
Qələndər-a-qələndər

Çolma-çocuq bir sürü,
Məktəbə getməz biri.
Yaxında yox məktəbi,
Burda başlanır şəbi.
Məktəb üçün müxtəsər
Əlli palan yol gedər.
Yol da nə yol, beyləsin
Heç analar görməsin!
Yayda tozu ətəkdən,
Qələndər-a-qələndər!
Qişda çamur göbəkdən,
Qələndər-a-qələndər!

Keçən keçir yıxılır,
Əl-ayağı burxulur.
Yağış yağa, çocuq qız
Yol gedəməz lodkasız.
Günüz kim evdən çıxa,
Batar yolda palçığa.
Baxırsan altdan dağa,
Lehmə çıxıb qurşağa.
Nə at keçər, nə fayton,
Qələndər-a-qələndər!
Yol gedəcəksən soyun,
Qələndər-a-qələndər!

Xəstəxana tapılmaz,
Xəstəyə çarə olmaz.
Naxoşların başına kül,
Qış gəlmədən uzan öl.
Həkimçin pul day yoxdur,
Gəlməyə yol da yoxdur,
Yaxşı olan çağı yox,
Bağçası yox, bağı yox.
Hey ara, axtar hanı
Baksayuzun dükanı.
Üst tərəfi zibillik,
Qələndər-a-qələndər!
Zibil beş-altıillik,
Qələndər-a-qələndər!

Hərdəm yada salınır,
Vergi, naloq alınır.
Hər ay başı dübbədüz
On beş, otuz, əlli, yüz.
Özgə zaman kim bilir,
Ordakı var ya ölür.
Keşik pulu verirsən,
Qələndər-a-qələndər!
Bir köpəkdir, bir də sən,
Qələndər-a-qələndər!

Günüz milis tapılmaz,
Gecə keşikçi olmaz.
Oğru çalır fışqırıq,
Var hünərin bayıra çıx.
Səslər gəlir biqərar,
Qələndər-a-qələndər!
Dad məni tutdular,
Qələndər-a-qələndər!

Əhali çox, yer geniş,
Məsələ qaldır geniş,
Dayoş "kommunxoz" (davay),
Çək yuxarı tramvay.
Düzəlsə bunlar əgər
Rahat olar işçilər.
İndilik olsun təki
Bir döşəmə, bir səki.
Bircə ayaq bassalar,
Gəlib qulaq assalar,
İşçilər eylər haray:
Qələndər-a-qələndər!
Quqquluqu mostavay,
Qələndər-a-qələndər!

Bir küçəm var buxartana,
Qələndər-a-qələndər!
İşçi yaşar buxartana,
Qələndər-a-qələndər!
Fayda görür buxartana
Qələndər-a-qələndər!

Üstü sənin, altı mənim, tap görək!
- 4-cü Tazapir dalanı.
- Yalan, yalan, yalan, yalan
- O da belədir, yox ki, bunun yalanı.
- Yalan, yalan, ver Tazapir dalanına.
- Bu küçə Dağlı məhəlləsi.
- Yalan, yalan, ver dediyin məhəlləyə.
- O da belədir, yox ki, bunun yalanı.
- Yalan, yalan, ver dediyin məhəlləyə.
- Poçtovının kəlləsi.
- Yalan, yalan, yalan, yalan.
- O da belədir, yox ki, bunun yalanı
- Vergilən Poçtovıya.
- Böyük Salyan küçəsi.
- Yalan, yalan, yalan yalan.
Tapmışam.