Tar
Tar Müəllif: Mikayıl Müşfiq |
Oxu, tar, oxu, tar!...
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!...
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti-
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq çargahın divardan-divara
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlk bahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün segahın danışır
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bəzən də simlərin qəmləri ovutar,
Olardın onların sirdaşı
Sən ey tar!...
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xəlçələr
Xəlçələr üstündə uzanmış-
Dodağı qönçələr
“- Hey, saqi, mədəd qıl soğudu şərabın,
İncitmə könlünü bu xanə-xərabın!”-
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan aç gözlü şairlər:
Nadimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Həp səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unutar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin,
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə,
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq.
Oxu, tar! Dəyişdi zamana,
Bax, indi radio səsini
Dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə aba, nə qəba, nə sarıq.
Oxu, tar! Alovlu izlərin
Əcəba, neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakimin,
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti.
Alovlu sənəti!
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin şirini, şərbəti-
Alovlu sənəti!...