Tatar nəğməsi
Tatar nəğməsi Müəllif: Abbasqulu ağa Bakıxanov |
Qız:
Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Qırmızı mahutun altından onun
Mavi rəng köynəyi gün kimi parlar.
Məni danlamayın töhmət vurmayın,
Deyiləm eşqimdə zərrə günahkar.
Əbədi sevirəm onu ürəkdən,
Deyildir əlimdə mənim ixtiyar.
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Bütün el geymişdir bayram paltarı,
Tək qana batmışdır mənim ciyərim.
Divarlar dibində narlar sulanmış,
Əl çatmaz narlardan birini dərim.
Nəyimə lazımdır başqa bir oğlan,
Ondadır tək mənim fikrim, nəzərim.
Qaranlıq gecədə basıb bağrıma,
Nazlardım, gülüncə nazla səhərim.
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
İravan dağları ayırmış bizi,
O qarlı dağları bürümüş duman.
O gözəl işvəli gürcü qızları,
Ürəyi ovlayar bircə baxışdan.
Ah, məni səfalı o şən diyarda,
Bir söylə unudub atmayacaqsan?
Mən sənin eşqində sədaqətliyəm,
Səndəmi eşqinə sadiqsən, oğlan?
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Buraya belə bir xəbər gəldi ki,
Orada qanlı bir müharibə var.
Deyirlər pusquya girmiş səngərdə,
Çox böyük hünərlə bizim oğullar.
Gözlərim yollarda qalmış amandır,
Öldürər məni bu ağır intizar.
Yavaşdan allaha dua edirəm,
Yarımı sən saxla, ey pərvərdigar!
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Oğlan:
Duyğusuz daş kimi qala dibində,
Uzanıb arzuyla mən də yataydım,
Ya bir kəs gələndə sizin tərəfə,
Arxadan mən ona qaçıb çataydım,
Belə bir gözəlin qardaşıyla mən,
Oturub səmimi ülfət qataydım.
Qalanın dibində üç ağac vardır,
Nə olar onlara bir daş ataydım.
Mənim də Züleyxam məlahətlidir,
Yanağı qırmızı almaya bənzər.
O mənə qol açıb, gəl deyir aman,
Açılmış döşünə dəyməsin nəzər.
Sinəsi üstündə göyə əl açıb,
Edəydim allaha dua hər səhər?!
İlahi, sən saxla onu bəladan.
Amandır, qoyma yar olsun mükəddər.