Məzmuna keç

Tayxaşan və Vanuşan dağları

Vikimənbə saytından
Nağıllar. Tayxaşan və Vanuşan dağları
Müəllif: Şifahi xalq ədəbiyyatı


Şimal dağlarında doxsan yaşlı bir qoca yaşayırdı, camaat ona Yuy-qun, yəni Gic baba deyirdi. Onun evinin qarşısında Tayxanşan və Vanuşan adlı iki dağ vardı, hər gün bu dağları dolanıb keçmək onu əziyyətə salırdı. Qoca böyüklü-kiçikli bütün ev adamlarını məsləhətə yığdı.

– Bu dağlar yolumuzu kəsib, canımızı boğazımıza yığıb. Dağları başqa yerə köçürsək necə olar?

Yuy-qunun oğlanları və nəvələri: – Yaxşı olar, yaxşı olar! – deyə qışqırışdılar.

Qocanın arvadı Syani dərrakəli arvad idi. O, ərinin dağın yerini dəyişmək istədiyini eşidib dedi:

– Ağlını başına yığ, qoca, sənin yaşında Kuyfu kimi təpəni yerindən tərpətmək olmaz, sənsə dağa girişmək istəyirsən. Yaxşı, deyək ki, dağı yerindən tərpətdin, bəs, bu qədər daşı, gili hara tökəcəksən?

Yuy-qunun gicbəsər nəvələri dedilər:

– Aparıb Boxay körfəzinə tökərik, məgər bu çıxış yolu deyilmi?

Məsləhətə yığışanlar bu təklifi bəyəndilər, dağı daşımaq qərarına gəldilər və həmin andaca işə başladılar. Bəziləri dağı qazır, bəziləri isə daşı-torpağı səbətlərə doldurub daşıyırdılar, gil yığınlarını və daş kəsəklərini aparıb Boxay körfəzinə tökürdülər. Szin-çen nəslindən olan dul qonşunun bir oğlu vardı, atasının ölümündən sonra doğulan bu uşağın süd dişləri təzəlikdə tökülmüşdü, əsl dişləri çıxmışdı. Uşaq baxıb gördü ki, hamı cani-dildən işləyir, hoppana-hoppana onların köməyinə tələsdi. Torpağı Boxay körfəzinə aparan adamlar yarım il yol gedirdilər, bir də pambıq gödəkcəni çıxarıb nazik köynək geyinilən vaxt geri qayıdırdılar. Xesyuyyalı Müdrik qoca – Çji sou onların qan-tər içində işlədiklərini görüb, istehzayla gülümsədi və başına ağıl qoymaq üçün Gic babanın yanına yollandı.

– Ağlını başına yığ, qoca, sən küləyin qabağında duran və indilərdə sönəcək şam kimisən, bu yaşda belə nəhəng dağların öhdəsindən gələ bilərsənmi?

– Xahiş edirəm ki, söz-söhbəti bir tərəfə qoyaq. Baxıb görürəm ki, sən dul qonşumdan da, dərrakəsiz uşaqlardan da ağılsızsan. Başa düşmürsənmi, başa düşmürsənmi ki, mən ölsəm uşaqlarım qalacaq, uşaqlarım dünyadan köçəcək, nəvələrim qalacaq, nəvələrimin də öz uşaqları olacaq. Bütün nəslimiz tər töküb əziyyət çəksə, dağı əritmək gözümüzə durmaz!

Müdrik qoca cavab vermədi, çünki etiraz eləməyə söz tapmadı. Gic babanın sözünü ovcunda torpaq sıxcalayan bir Səma ruhunun qulağı çaldı. Ruh qorxdu ki, qoca birdən qəsdini yerinə yetirər və dağlardan əsər-əlamət qalmaz, eşitdiklərini Səma hökmdarına çatdırmağa tələsdi. Yuy-qunun əzmkarlığı Səma hökmdarını riqqətə gətirdi, Kuaye nəslindən olan iki oğlunu qocaya köməyə göndərdi, tapşırdı ki, hərəsi dağın bir tayını belinə alsın, biri Şoduna, digəri isə cənuba, Yunnana aparsın. Əvvəllər bu dağlar yanaşıydılar, indisə ayrılıblar: biri şimalda, digəri isə cənubda ucalır.