Məzmuna keç

Tiflis

Vikimənbə saytından
Tiflis
Müəllif: Abbasqulu ağa Bakıxanov

Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür
Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bülbül tək işin naləvü əfqanə dönübdür,
Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür,
Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravət,
Qamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət,
Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?

Hər şuxi-pəripeykər açıb türreyi-tərrər,
Dildadələri etmək üçün damə giriftar.
Səy yadi sitəmgər bu guzərgahdə çox var,
Ahubeçələr tək doludur kuçəvü bazar,
Çin mülkünə bu mənzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,
Görməz əsəri rahəti-can ruzi şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən,
Bu kişvəri-pürşür bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz,
Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz,
Rüxsari-niku, türrəyi-mişkini dilaviz,
Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz,
Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
Arizləri mehtaba bərabərləri gördüm,
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,
Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla,
Tən eylər idi görsə birin valehü şeyda,
Tərk eyləmiş islamı görüb bunları hala,
İstər ola carubkeşi-səhni-kəlisa,
Zünnar salıb boynuna Sənana dönübdür.