Məzmuna keç

Tiflisdə “İttifaq” məktəbi

Vikimənbə saytından
Tiflisdə “İttifaq” məktəbi (1914)
Müəllif: Hüseyn Cavid
“İqbal”, 25 iyul, 1914
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir. Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz? Doquz yıldan bəri çəkilən zəhmətlər nə kibi nəticəyə iqraz edəcək, bu mədrəsənin bəqa və dəvamı xüsusunda maldan, candan keçən, həyatını, şərəfini bu uğurda fəda edən bir taqım fəal, fədakar adamlarımızın şimdiyə qadar təhəmmül etdikləri əziyyətlər, məşəqqətlər nə yolda bir fayda verəcəkdir? İştə burasını düşünərək mədrəsənin vəz’i-hali-hazirini göz önünə gətirdikcə yalnız “İttifaq” məktəbinin halına deyil, bəlkə dolayısilə bütün iranlıların halına qan ağlamamaq qabil deyildir. Çünki müsəlmanlar arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət, rəyasətpərəstlik kibi bir taqım məş’um adətlər iranlılarda daha şiddətli bir surətdə hökmfərma olduğu içindir ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının tərbiyəgahı olan bu mədrəsə bir taqım şəxslərin iqrazi-şəxsiyyətlərinə qurban oluyor. Tiflis kibi bir məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib, cüz’i əhəmiyyətsiz bir para binlərcə iranlıdan bu mədrəsənin məxaricinə sərf olunmaq için toplanmıyor. Halbuki binlərcə manatın qeyri-məşru yerlərə sərf olunduğu kibi, binlərcə rüblənin dəxi faydasız yerlərə xərc olunduğu görünməkdədir. Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli, üç yüz manat ilə idarə olunmaqdadır. Bu paranın nisfi İran konsulxanası tərəfindən tədarik olunur. Digər nisfi isə əhalidən alınması lazım gəlir. Fəqət camaatın iqrazi-şəxsiyyəyə hədəf olması yüzündəndir ki, ayda yüz əlli manat kibi əhəmiyyətsiz bir para nəhayət dərəcədə çətinlik, güclük ilə cəm edilir. Şimdi isə iki aydan bəridir ki, kimsə aylıq və ianə vermək istəmiyor. Hətta müəllimlərin tə’til maaşlarını vermək için mədrəsə daimi sərmayə (kapital)dən beş yüz rüblə vermişdir. Təəssüflər olsun ki, doquz illik bir maarif müəssisəsi bu kibi mevqelərdə hiç olmazsa bir yıl kəndini idarə edəcək bir nəqdi-mevcudu yoqdur... Artıq bu əsrdə, bu zamanda elm və mə’rifətin lüzumundan, mənafeyindən bəhs etmək mə’lumi-e’lam qiyasından olduğu için biz bu xüsusda bir şey söyləməyiriz. Ancaq istədiyimiz bir şey varsa, mədrəsənin bəqa və dəvamı için lazım gələn himmət və qeyrətin sərf olunmasıdır.
Müxbir

Qeydlər

[redaktə]