Truppa deyir
Truppa deyir Müəllif: Cəfər Cabbarlı |
Qoy törənsin min cürə yersiz rəzalət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.
İstirahət sevmərik, meyl etmərik camə, meyə,
Canfədayıq hər zamanda incə sənətlər deyə.
Səhnə gər bazara dönsə, həm pyes həlmaşiyə
Qəm deyil, artar yenə elmi-məharət səhnədə.
Eylərik zira bununla biz ticarət səhnədə.
Vermişik xalturaya dil aşiqi-şeyda kibi,
Olmasa xaltura gər bir kimsənin dolmaz cibi.
Şükr kim, hər kəs bilir, xalturanın yoxdur dibi.
Bir bizə məxsusdur böylə məharət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.
İncəsənət yurdunun hər yerdə ağsaqqalıyıq,
Hər bir işdə qadirik, biz səhnənin baqqalıyıq,
Hər cürə təğyir və təbdil eylərik, əl malıyıq.
Hazırıq göstərməyə bir yox şücaət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.