Turac quşu
Görünüş
Rəvayətlər. Turac quşu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir gün qulluqçu qız xanımın darağını alıb başını darayır. Darağı
boğçaya, paltarın arasına bağlayıb, taxçaya qoyur.
Aradan xeyli keçir. Xanım başını yuyurmuş, darağı istəyir. Qulluqçu qız darağın yerini unudubmuş. Nə qədər çalışır, darağın yerini yadına sala bilmir.
– Xanım, vallah darağın yerini unutmuşam.
Xanım qulluqçu qızdan şübhələnir.
– Darağı oğurlamısan! – deyir.
Qız xəcalətindən tər tökür, and-aman eləyir:
– Xanım, mənim əlim əyri deyil, daraq buralarda olacaq.
Amma nə qədər axtarırlar, daraq tapılmır. Qız utandığından Allaha yalvarır ki, məni quş elə. Sonra birdən yadına düşür ki, daraq taxçadakı boxçanın içindədi. Amma daha hara keçər. Elə o vaxtdan turac quşu oxuyur:
– Xanım, taxçada-buxçada. Xanım, taxçada-buxçada.