Məzmuna keç

Uşaq pəhləvan

Vikimənbə saytından
Nağıllar.
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varıydı, biri yoxuydu, bir pinəçi varıydı. Bunun uşağı yoxuydu. Bir ər, bir arvad idilər. Bu kişi hər gün gün çıxanda durub gedərdi pinəçiliyinə, axşam gün batanda gələrdi evlərinə. Günlərin bir günü şər qarışan vaxtı pinəçiynən arvadı evdə oturub övlad dərdi çəkirdilər. Bir də gördülər ki, qapının ağzında bir qoca dərviş peyda oldu. Dərviş bir qəsidə oxuyurdu ki, adamın tükləri biz-biz olurdu. Kişi tez qapını açıb dərvişi evə apardı. Bir az söhbətdən sonra dərviş dedi:

– Yaman susamışam. Uşağı göndər bir cam su gətirsin.

Ev yiyəsi dərvişdən bu sözü eşidən kimi rəngi-rufu qaçıb bir ah çəkdi. Dərviş o saat başa düşdü ki, kişi sonsuzdu, övladı yoxdu. Tez cibindən bir alma çıxardıb ev sahibinə verdi, özü də tapşırdı ki, almanı arvadıynan yarı bölüb yesinlər, övladları olacax. Pinəçi bu işə çox şad oldu, sevinə-sevinə dedi:

– Ağa dərviş, bəs sənə nə pay verim ki, yaxşılığınnan çıxım?

Dərviş dedi:

– Mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm. Sağ-salamat qalın, mən getdim.

Elə dərvişin söz ağzınnan qurtaran kimi, baxıb gördülər dərviş çoxdan qeybə çəkilib. Ər-arvad almanı yarı bölüb yedilər. Aradan doqquz ay, doqquz gün keçdi. Pinəçinin arvadı bari-həmlini yerə qoyub, bir qəşəng oğlan doğdu. Oğlan nə oğlan, Rüstəm Zal heç onun əlinə su da tökməyə layiq deyildi. Biz eşitmişik uşax aynan, ilnən böyüyər, amma bu uşax günbəgün, saatbasaat boy atıb çinara dönmüşdü. Yeddi yaşında atlını atdan salırdı. Qolunda bir güc varıydı ki, küçədə hansı uşaxnan zarafatlaşsa ya belini, ya da qolunu sındırardı. Qonum-qonşu lap bunun əlinnən təngə gəlmişdi. Odu ki, gedib padşaha şikayət elədilər. Padşah pinəçini çağırıb, qulaxburması verdi ki, uşağının ipini çək, əgər bir də nadinclik eləsə, başını bədəninnən ayırdacam. Elə həmin gün pinəçinin oğlu küçədə uşaxlarnan oynayanda vəkilin oğlunun belini sındırdı. Xəbər padşaha çatan kimi, əmr elədi ki, uşağı gətirib başını bədəninnən ayırsınlar. Padşahın adamları gəlib nə qədər elədilər uşağı apara bilmədilər. Axırda beş-on yerdən sarıyıb atlara bağlayıb çəkdilər. Uşağı atlar sürüdükcə, o da yoldakı ağacların hansına əl atırdısa ki, özünü saxlasın, ağaclar köhlü-köməcli qopub əlində qalırdı. Axırda bir yekə ağacı dibindən çıxardıb özüynən padşahın yanına apardı. Padşahın baş vəziri çox uzaxgörən adam imiş. Gördü ki, bu uşaxda olan qüvvət padşahın heç bir pəhlivanında yoxdu, dedi:

– Padşah sağ olsun, sən gəl bu uşağı öldürtmə, vaxt gələr bizə lazım olar. Gəl bunu verək zorxanada1 pəhlivanlar öyrətsinlər.

Vəzirin sözü padşahın ağlına batdı, uşağı göndərdi pəhlivanların yanına. O günnən padşahın adlı-sanlı pəhlivanları uşağı ox atmağa, nizə tutmağa, əmud vurmağa öyrətdilər. Ay dolandı, il keçdi, uşax elə bir zor pəhlivan oldu ki, heç kim onu yerindən tərpədə bilmədi. Bunun adı-sanı hər yerə yayıldı.

Bunu burada qoyax, sizə kimnən xəbər verək, firəng padşahından. Firəng padşahı tez-tez bu padşahın torpağına basqın eləyib, bac-xərac alarmış. Elə bu vaxt gəlib xəbər gətirdilər ki, firəng padşahı şəhəri üzük qaşı kimi mühasirəyə alıb, bac-xərac istəyir. Padşah vəzir-vəkili, bütün əyan-əşrəfi yığıb tədbir istədi. Çox götür-qoydan sonra vəkil dedi:

– Gəlin uşax pəhlivanı göndərək, gedib onları əzsin.

Vəzir bu tədbirə razı olmayıb dedi:

– Doğrudu, uşax pəhlivan qüvvətlidi, amma onu davaya göndərsək, bizə gülərlər. Deyərlər gör bu yekə ölkədə bir pəhlivan tapa bilməyiblər, südəmər uşağı göndəriblər. Bir də hələ o uşaxdı, tələynən, kələynən onu tutarlar. İndidən onu düşmənin əlinə verməyək. Bir gün gələr ki, bizə lazım olar.

Padşahın pəhlivanlarının hamısını göndərdilər davaya. Firəngin qoşunu bunları tamam qırıb çatdı. Böyük məsləhət-məşvərətdən sonra gördülər ki, ayrı əlacları qalmayıb, uşax pəhlivana dedilər:

– Gəl sən çıx qoşunun qabağına, düşmənlə vuruş.

Uşax pəhlivan dedi:

– Nə qoşun, nə dava, onlar mənə neyləyib ki, gedib dalaşım. Mən dava-şava bilmirəm.

Gördülər ki, elə bu doğrudan da heç nə başa düşmür. Vəzir dedi:

– İndi mən onu göndərim, siz də baxın.

Uşağın bir dəst paltarı varıydı ki, onu bir pəhlivan gücnən götürə bilərdi. Özü də məşq eləyəndə həmişə onu geyərdi. Bu dəfə məşqə bir az qalmış vəzir əmr elədi ki, onun paltarını gizlətsinlər, Özünə də desinlər ki, firəng padşahının qoşunları apardı.

Bəli, vaxt gəldi, uşax pəhlivan məşq eləməyə gedəndə nə qədər axtardısa paltarını tapa bilmədi. Dad-haray saldı ki, bu saat mənim paltarımı verin.

Vəzir irəli yeriyib dedi:

– Oğul, sənin paltarını düşmənin qoşunu zornan alıb apardı. İndi gəl qılıncdan-qalxandan götür, get paltarını al, onları da qılıncdan keçir.

Vəzirin sözü uşağın xoşuna gəldi. O saat dedi:

– Mənə qılınc, at verin, bu saat gedib onları hamısını qırıb çatacam.

Padşah əmr elədi ki, ona qılınc gətirsinlər. Nə qədər möhkəm qılınc gətirdilərsə, uşax əlinə alıb bir o ucunnan, bir bu ucunnan tutub əyən kimi iki bölündü. Padşahın xəzinəsində qılınc qalmadı, hamısını qırdı. Axırda padşahın yadına düşdü ki, xəzinədə babasından qalma bir qılınc var ki, ağırlığınnan onu heç kim götürə bilmir. İki pəhlivan göndərib qılıncı bir müsiybətnən gətirtdilər. Uşax qılıncı əlinə alıb bir az əyib, atıb-tutub dedi:

– Daha neyləyim, bunu da qırsam, onda qılıncsız qalacam, qılınc olmayan yerdə bu da bir qılıncdı, – deyib bağladı belinə. Sonra buna at gətirdilər. Əlini hansı atın belinə qoydusa o saat atın beli qırıldı. Padşahın ilxısında nə qədər at vardısa, hamısını uşax şil-küt elədi. Axırda birdən yada düşdü ki, padşahın dərya atını gətirsinlər. Bu at yernən, göynən əlləşirdi, ayrıca qalaçada saxlanırdı. Atın yemini damın üstündən tökürdülər, heç kim yaxın gedə bilmirdi.

Vəkilin uşax pəhlivandan zəhləsi gedirdi deyin fikirləşdi ki, elə yaxşı olar, qoy bunu göndərək atı gətirməyə, at vurub öldürər. Uşax atı görən kimi qaşqasının arasınnan bir yumrux ilişdirdi ki, at o saat səndirləyif az qaldı yıxılsın. Uşax tez təkaltılı-zaddı yəhəri atın belinə basıb, sıçrayıb mindi. Hamı onun bu iyidliyinə heyran qaldı. Uşax pəhlivan atını minib özünü vurdu qoşuna ki, verin mənim köynəyimi! Qılıncı sağdan vurub soldan çıxdı, soldan vurub sağdan çıxdı. Qoşun qaçıb dağıldı. Firəng padşahı gördü yox, bu yaman güclü pəhlivandı, onunla bacarmayacax, odu ki, başladı hiyləyə.

Firəng padşahının bir cadugər qızı varıymış, bütün tilsimləri öyrənib, açarını cibinə qoyubmuş. Padşah qızını çağırıb dedi:

– Qızım, bu pəhlivan bütün qoşunumu qırıb tərk elədi. Gör bunu bir təhər tora sala bilərsənmi?

Qız dedi:

– Ata, o, mənim əlimdə.

Bəli, qız bir rəml atıb, fala baxıb gördü ki, bu pəhlivan yeddi yaşında bir uşaxdı. Hələ küçədə-bacada uşaxlarnan yalax-qoz oynayası vaxtıdı. Odu ki, uşax şəklinə düşüb dedi:

– Ay qoçaq oğlan, məni tanıyırsanmı?

Uşax dedi:

– Sən kimsən?

Qız dedi:

– Mən sizin məhlədə həmişə gəlib sən yalax-qoz oynayanda yanınızda durardım. İndi yaman oynamaq istəyirəm. Gəl bir yalax-qoz oynayax.

Qız uşağın boş damarınnan tutmuşdu deyin uşax o saat atdan düşüb yerdə yalax qazdı. Başladılar qıznan yalax-qoz oynamağa. Qız fürsəti fota verməyib sürməyə3 sehr cadu oxuyub püflədi göyə. O saat uşax tilsimə düşdü. Tirtap yıxılıb yatdı. Qız o saat qoşuna xəbər verdi. Yeddi böyük pəhlivan gəlib uşağı gücnən yerdən qaldırıb apardılar. Uşax bir də gözün açıb gördü ki, əl-ayağı tamam zəncirnən sarımsarım olub. Ha əlləşdi, zəncirləri qıra bilmədi.

Hər gün firəng padşahının qızı uşağı dilə tuturdı ki, gəl sən bizim tərəfimizdə qal. Uşax elə nırx deyib dururdu ki, mən dədəmin, anamın yanına gedəcəm. Düz bu qalmağnan uşax pəhlivan yeddi il əli-qolu kündəli zindanda qaldı. Uşax gəlib on dörd yaşında bir nəhlivan oldu. On dörd yaşında pəhlivanın qabağında dayanmaq asan iş deyildi. Oğlan bir güc verib zəncirləri parça-parça elədi, başladı zindandan çıxıb getməyə. Firəng padşahına xəbər çatdı. Padşah o saat əmr elədi ki, qoşun uşax pəhlivanı tutub gətirsin. Uşax pəhlivan baxıb gördü ki, uzaxdan böyük qaraltı gəlir, heç qoyun sürüsü də bu boyda olmaz. Bir az da gözünü uzağa zilləyib gördü ki, bu gələn qoşundu. Başa düşdü ki, onu tutmağa gəlirlər. Bu o vaxt idi ki, uşax pəhlivan hündür bir dağın başındaydı. Qoşun lap gəlib uşax pəhlivana çatdı. Başladılar dağa dırmaşa-dırmaşa ona ox atmağa. Uşax pəhlivan gördü dağın başı yekə-yekə qayalarnan, daşnan, kəltənnən doludu. Başladı ev boyda qayaları dağın başından diyirləməyə. Hər dəfə bir yekə qayanı diyirləyəndə əlli-altmış adam birdən xurd-xəşil olurdu. Qoşun başçısı baxıb gördü yox, beləliknən onu tutmaq olmayacax. Odu ki, başladı uşax pəhlivanı dilə tutmağa ki, gəl sən dağın başından düş yerə, nə istəyirsən verək. Uşax pəhlivan dedi:

– Mənə heç nə lazım deyil. Mən öz yerimizə, dədəmin, anamın yanına gedəcəm. Əgər mənə yaxın gəlsəniz, hamınızı qırıb tökəcəm.

Qoşun başçısı gördü yox, doğrudan da kim ona yaxın getsə şil-küt olacax. Odu ki, kor-peşman başdadı geri qayıtmağa. Bu tərəfdən də uşax pəhlivan az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib bir şəhərə çatdı. Gördü camaat hamısı şəhər meydanına tərəf gedir. Soruşdu ki, nə var? Dedilər ki, bu gün uşax pəhlivanın atasını dar ağacınnan asacaxlar. Uşax pəhlivan xəbər aldı ki, axı onu niyə asırlar? Dedilər:

– Padşahın vəkilinin evini yarıbdı. Vəkil də padşaha şikayət eləyibdi deyin padşah əmriynən onu asırlar.

Uşax pəhlivan bu sözləri eşidən kimi başa düşdü ki, bura öz şəhərləridi, asılan da öz dədəsidi. Cin vurdu kəlləsinə, özünü yetirdi düz meydana. Gördü ki, doğrudan da dar ağacı qurulub. Meydanın bir tərəfində də taxtın üstündə padşah, vəzir, vəkil, qoşun böyükləri, pəhlivanlar əyləşiblər. Təbil çalındı, hamı o yan, bu yana boylanmağa başladı. Başdan-ayağa qırmızı geyinmiş iki bığıburma cəllad dədəsini qabaxlarına salıb dar ağacının yanına gətirdilər.

Uşax pəhlivan dədəsini görən kimi pələngə döndü, özünü yetirdi dədəsinin yanına, dedi:

– Dədə, qorxma, mən ölməmişəm, de görüm bu nə işdi?

Qoca kişi əli-qolu bağlı başladı gözləri yaşarmağa, dedi:

– Oğul, sən uşaxlıxda vəkilin oğlunu yıxıb qolunu sındırmışdın. Sən gedənnən sonra vəkil oğlunun hayıfını almaxdan ötəri mənə şər atıb ki, onun evini yarmışam. Bu qoca vaxtımda yerimdən tərpənə bilirəm, mən necə ev yara bilərəm. Padşah da o zalımın sözünə inanıb məni dar ağacınnan asdırır.

Uşax pəhlivan dədəsinin bu sözünü eşidən kimi əl atdı cəlladların xirtdəyinə, elə sıxdı ki, başları bədənlərindən ayrıldı. Özünü yetirib padşahı yaxaladı, istədi boğub öldürə, vəzir uşax pəhlivanı tanıyıb dedi:

– Oğul, sən gəl padşahı öldürmə, onda sənnən onun nə tafotun olar. Sən də olarsan ədalətsiz, zalım.

Oğlan vəziri tanıyıb, onun sözünə qulax asdı. Elə oradaca vəkili dar ağacına çəkib boğazından asdı. Padşahın tacını da başından götürüb qoydu vəzirin başına. Dedi:

– Ey vəzir, sən insaflı adamsan. Belə yelbeyin, hər yalana aldanandan padşah olmaz. Sən özün padşah ol, camaatı da incitmə.

Bu iş elə camaatın da ürəyinnən idi. Camant istədi köhnə padşahı daşa bassın. Vəzir qoymadı, dedi:

– Camaat, padşaha bundan artıq zülm olmaz ki, onu taxtı-tacdan atalar. İndi qoyun o da qara camaatın içində dolanıb isti-soyuğu, aclığı-toxluğu, haqqı-nahaqqı gözləriynən görsün. Öz tutduğu işləri yadına salsın. Onda gündə on dəfə ölüb diriləcək.

Təzə padşah uşax pəhlivanla atasını götürüb öz yanıncan apardı. Öz qızını da uşax pəhlivana verib onu qoşun böyüyü təyin elədi. Başladılar ömür sürüb gün keçirməyə.