Məzmuna keç

Uşaqdır ("Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!")

Vikimənbə saytından
(Uşaqdır səhifəsindən istiqamətləndirilmişdir)
Uşaqdır ("Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 184. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
İndicə-indicə ancaq yetir on bir yaşına,
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, –
Oğlu söydükcə fərəhdən açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yə’ni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Deyilik erməni, zayе’ edək övladımızı,
Oxudaq gözləri açılmamış əhfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!.