Məzmuna keç

Uşaqları məktəbə şövqləndirmək

Vikimənbə saytından
Uşaqları məktəbə şövqləndirmək
Müəllif: Həsənəli xan Qaradaği
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.


Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,

Tə’lim alıb oxuyun, adət edin ədəbə.

Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.

Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.

Adam, xoruz, yırtıcı - hamıları gedirlər

İş dalınca, hər biri durub bir şey edirlər.

Qanadlı qarışqalar şələ çəkir, arılar

Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.

Çöllər çəmən olubdur, ayılıbdır meşələr,

Ağacdələn taqu-tuq eyləyibdir peşələr.

Qəmu çaylar da axır, şırıldıyubən gedir,

Torçu balıq ovlayır, oraq biçir, səs edir.

Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin,

Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.

Qaradaği, hər bir kəs bir iş gərəkdir edə,

Çalışıbən sə’y edə, onın dalınca gedə.