Məzmuna keç

Uşaqlar (Əli Nəzmi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Uşaqlar
Müəllif: Əli Nəzmi


Uşaqlar istərsə seyri-gülüstan,
Nə lazım onlara bağ ilə bostan.
Çiçəklik bu dəbistandır, dəbistan!
Dəbistan bağında girsin, gül olsun,
Özü gül, nəğməsində bülbül olsun.
Bu nüzhətgahə gəlsinlər uşaqlar,
Tamaşasını görsünlər uşaqlar.
Qərənfil, lalə dərsinlər uşaqlar,
Alıb ədəb, hübbül-bəşərdən uşaqlar,
Məhəbbətli çocuqlar həpsi birdən.
Edib gülzari-elmü fənnə pərvaz,
Oxu, yazı, ədəb etsinlər ağaz.
Oxusunlar həmahəng, həmavaz,
Ötüb bülbül misali yerbəyərdən,
Məhəbbətli çocuqlar həpsi birdən.
Bu gülşəndə bitən sünbül pozulmaz,
Bənövşə, yasəmən, güllər də solmaz.
Bu gülzarə bərabər gülşən olmaz.
Gülitər dərməyə gəlsin səhərdən
Məhəbbətli çocuqlar həpsi birdən.
Uşaqlar ta yetib həddi-kəmalə,
Ala ürfanı ağuşi-vüsalə.
Qonub bülbül kimi bir incə dalə,
Təğənni eyləyə elmü hünərdən
Məhəbbətli çocuqlar həpsi birdən.