Ucuqulu
Rəvayətlər. Ucuqulu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Sədərək kəndi yaxınlığında Şərur adında bir şəhər olup. Bı şəhərin
qırağında bir nəhəng yaşayırmış, adı da Ucuqulu imiş. Ucuqulu
o qədər yekəymiş ki, adi adamlar onun topuğundan ancaq olarmış.
Ucuqulu ətraf dağların, bir də Qaraağac meşəsinin ixtiyarını
almışdı öz əlinə. Heç kəsin gücü çatmazmış ki, meşədən bir tikə
odun qırsın. Lazım olanda Ucuqulunun özü odun yığıp gətirərmiş
şəhərə, paylayarmış camahata. Əvəzində də Şərur əhli Ucuqulunu,
anasını, bir də onun atını dolandırarmış. Əmə Ucuqulu hər dəfə
şəhərə odun gətirəndə bir xata törədərmiş. Ya adamlar onun ayağı
altda qalıp əzilərmiş, ya da Ucuqulu çiynindəki odun şələsini yerə
qoyanda ev-zad uçarmış.
Axırı camahat zinhara gəlir. Yığışıp danışıllar, Ucuqulunun yanına bir neçə ağsaqqal göndərillər. Ağsaqqallar gəlip Ucuquluya deyillər ki, bə sən odun yığıp şəhərə gətirəndə əziyyət çəkirsən. Biz bına irazı olmarıx. İcazə ver, bı əziyyəti biz özümüz çəkək, amma səni də, ananı da, atanı da hər gün doyuzdurax.
Ucuqulu irazı olur. Camahat Ucuquluynan anasına gündə neçə mal-davar, nə qədər əppək verillər, onları yedizdirirlər. Əmə Ucuqulunun atı çox yeyimcilmiş, onun ot-ələfini çatdıra bilmirmişlər. Camahat görür ki, belə getsə ətrafdakı pütün ot-ələf qurtaracax, bınların öz heyvanlarına bir şey qalmıyacax. Gənə yığışıb danışıllar, ağsaqqallar deyir ki, innən belə Ucuqulunun atına yem aparanda o yemi mındarlamaq lazımdı.
Belə də eliyillər. Otun xeyli hissəsini mundarlayırlar, üstünə də bir az təmiz ot qoyup aparıllar Ucuqulunun atına. At təmiz otu yeyip, mındarlanmış ota çatanda durur, ta yemir. Ucuqulu bını görəndə duruxur. Çağırıb anasından soruşur ki, ay ana, bu cırtdanlar (yanı adamlar) nə biclik eliyirlər ki, mənim atım yem yemir? Anası da deyir ki, a bala, bı cırtdanlarnan işin olmasın. Bınlar dünyanın bicidirlər. Elə bicliklərindən də belə cırtdan oluplar...
Ucuqulunun ayağına batan tikan üç-dörd arşınlıq tir olarmış. Ucuqulu özü əyilip bı tikanı çıxardammazmış. Ona görə də oturarmış yerə, ayağını da Arazın üstünnən uzadarmış o taya. Bının o tayda yaşayan bir bacısı varmış, özü kimi nəhəngmiş. Bacısı Ucuqulunun ayağındakı tikanı iki barmağıynan çəkip çıxararmış. Ucuqulu o qədər yekə, o qədər güclüymüş ki, Əzrayılın da gücü çatmırmış onu öldürsün. Ona görə də Əzrayıl həmişə fürsət axdarırmış ki, Ucuqulu uzansın, bı da onun sinəsinə çöküp canını alsın. Günlərin bir günü Ucuqulunun ayağına yekə tikan batır. Ucuqulu ayağını uzadır o taya ki, bacısı tikanı çıxartsın. Amma bu dəfə Ucuqulu oturmur, uzanır. Elə o saat Əzrayıl çökür onun sinəsinə, canını alır. Bacısı görür ki, tikanı çıxarıp, əmə Ucuquluya nə olup ki, tərpənmir. Anası baxan kimi deyir ki, bə qardaşıvı öldürüplər. Bacısı tez gəlir. Ana-bala belə biliplər ki, Ucuqulunu adamlar öldürüp. Ona görə Şərur şəhərini dağıdıllar, ölən ölür, qaçan da soralar burda Sədərək kəndini salır.
Deyilənə görə, yüz min malın dərisinnən Ucuquluya paltar çıxarmış. Bu paltarı da neçə yüz adam neçə aya tikərmiş. Ucuqulu su içmək istəyəndə bir əlini Ağrı dağına, bir əlini də Haça dağa qoyup əyilərmiş Arazdan su içərmiş.
Ucuqulu öləndən sonra onun üstünü yavaş-yavaş toz-torpaq basır, sonra bı toz-torpaq bərkiyip dağ-daşa çevrilir. Ucuqulunun ayağı ki, Arazın o tayına uzanılı qalmışdı, sonralar körpüyə dönür. Camahat bı körpüynən o tay-bu taya gedip-gəlirmişlər. Çox xatalar elədiyinə görə camahat Ucuqulunun adını dəyişip Buculux qoyur. Ucuqulunun ayağından düzələn körpüyə də Buculux körpüsü deyillər.