Unutma
Görünüş
Unutma Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Aşıq, gəşt eləyib ağır elləri,
El içində namus, arı unutma.
Yaxşı dolan, təmiz saxla admı,
Dost yanında etibarı unutma.
Halal mala haram qatmaq nə lazım?
Hədər yerə kaman atmaq nə lazım?
Yar-yoldaşa yalan satmaq nə lazım?
Əhdi-peyman, düz ilqarı unutma.
Miskin Abdal, bir qonaqsan dünyada,
Könlün bir dəryadı, ürəyin ada,
İstəsən ki, yetişəsən murada,
Yaş torpağı, dar məzarı unutma.