Məzmuna keç

Urmiyədən

Vikimənbə saytından
Urmiyədən (1904)
Müəllif: Hüseyn Cavid
“Şərqi-Rus” qəzeti – 21.V.1904
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib Xaliq
Ki, bielm olsa insan cinsi-heyvanata lahiqdir.
Nə şər’ə aşina, nə ürfə danadır o nabina,
Ona bir yaxşı palanilə bir əfsar layiqdir.
Təkəllumdən səva bielm insanın nə tərcihi
Ki, hər halətdə heyvanilə hər halı müvafiqdir.

Kürreyi-ərzdə bəni növi-bəşərin nisbəti heyvanata nə dərəcədə olursa, əhli-elmin şərafəti əvamünnasə dəxi o mənzilədə məhsub olur; necə Qur’ani-mübində Xudavəndicahanafərin buyurur: “Avamlar heyvana oqşar, bəlkə ondan da azğın olar”. Bəlkə elmsiz kimsələrin heyvanatdan dəxi əskik və gümrah olmağına işarə olunur; pəs bu surətdə elmi- şərif təvəssütilə insan yer yüzündə cəmi’i-şərafət və səadətə malik olub sair bielm qardaşlarından imtiyaz tapır.

Elmdir ki, ətfali-xürdsali növnihal vəz’ilə gülşəni-kamalda cuybarizülali-maarif vasitəsilə sirab etdirib, abü həvayi-insaniyyətlə nəşvünüma verib, gunəgun ülum və fünun əsmarilə cilvələndirib, sayədar və pürbar ağaclar kibi dərəceyi-fəzl və kəmalata yetirir. Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib ənvari-hidayətlə qəlbini rövşən qılıb ixtiraati-cədidə və tərəqqiyyati-mütəəddidə sahibi edir. Məzmuni – “Beşikdən qəbrədək elm tələb edin!”, bu barədə bir dəlili kafidir; əgərçi bu tə’kidat biz müsəlman qardaşlara yetişib, amma diqqət nəzərilə mülahizə buyurulanda bu hədisi-şərifə məhz miləli-xaricə və düvəli-mütəməddinə amil olub günbəgün sə’y və ehtimam edib mütəəddid ülum və fünun təhsilinə rövnəq verib hər dəqiqə cəmi tərəqqiyyat və kəmalatə malik olmağa çalışıb bir an ğəflətdə bulunmayırlar. Belə uzaq şəhərlərdən iki-üç aylıq məsafəni teyy edib, qürbət ixtiyar qılıb təhsili-elm etmək həvasilə uçub “Elm Çində də olsa, tapıb öyrənin!” məzmuni – dürər məşhuninə rövnəqəfza olub leylü və nahar səməndərvar nari-qeyrət və mədəniyyətdə yanmaqdadırlar. Əvvəla bu müəyyən və müsəlləm ki, həzrəti-Rəsuli-Əkrəm zamanında Mədinə ilə biladi Çin arasını üç-dörd ay zərfində teyy etmək məhal və mümtəne’ bir əmr imiş (coğrafiya elminə rücu edilsə mə’lum olur), pəs bu kəlamimübarəkdə olan israr və tə’kiddən məqsud filhəqiqə məhz tələbi-elmə təşviq və tərğib etməkdir. Və saniyən bu məzmuni-alidən hansı elmin təhsil olması, nə dildə və nə lisanla olmağına işarə olunub şərh və bəst verilməyib ki, aya bu elmi ingilis lisanında öyrənmək və ya Fransa dilində əxz etmək lazımdır və yaxud ərəb lisanından əlavə dildə olsa günah və qeyri-caizdir. Əstəğfürullah! Heç bu barədə, əlsineyimütəəddidə xüsusunda istisna olunub özgə bir irad varid olmayıbdır. Pəs əsri-haliyyəmizdə olan müsəlman qardaşların ğəflətindən və ülumi-mütənəvvi’ə füyuzatından bibəhrə olmaqlarından məqamiəfsusda bulunuram ki, nasıl bədbəxt və nadan olmuşuq! Belə ki, İranda gözəl şəhərlərdən məhsub olan və abü həva və seyrü səfadə sair biladdan imtiyaz tapan şəhərlərdən birisi də sükunət etdiyimiz “Urmiyə” şəhridir; bir tərəfdə imperator canibindən rus şkolası, bir səmtdə ingilis məktəbxanəsi, bir mövqedə Fransa məktəbi güşad olunub ki, hər birində mütəəddid dillərdən əlavə bir müsəlman müəllimi ərəb, fars və türk dillərinin tə’limindən ötəri tə’yin olunub, hər üç məktəbdə məccanən tə’lim və tərbiyəyə talib və rağib olub tərəqqiyi-millət yolunda sə’y edir.

“Əcəb deyil ki, ovçu qaçar ovunun dalınca,
Məzəlidir ki, ov qaçar ovçunun dalınca”[1]

Necə ki, məsdəri-vilayətdən yetişibdir: “Mən əlləməni hərfən qədyəsyərəni əbdən”, yə’ni “hər kəs mənə bir hərf tə’lim etsə məni özünə əbd etmiş kimidir!” Amma bu biçarə məktəbdarlar ahü dad çəkib bu cahil və bihimmət camaatla bu fərmayişin əksinə əməl edib deyirlər ki: hər kəs bizdən bir hərf öyrənsə həqiqət bizi özünə əbd edib və sərəfraz qılıbdır. Lakin bu tə’kidatla yenə əlacpəzir olmayır; məgər bir neçə nəfər xanzadə bu məktəblərdə təhsil edirlər ki, bir para dövləti işlərdən ötəri gələcəkdə lazım olmağını təsvir edib Parij, London və Peterburq yollarını teyy etmək zəhmətini nəzərə alıb burada təhsili-elmə məşğul olublar. Bir neçə nəfər xanzadəyi çıxandan sonra bəqiyyəsi tamam erməni, yəhudi və nəsara uşaqları ki, bunlar ülum və fünunə, əlsineyi-gunaguna tərvic verib və kəmali-şövq və rəğbətlə rövnəqəfza olublar. Hətta fars və türk dillərini danışıb yazmaqlarını müsəlman yoldaşlarından artıq dərəceyi-təkəllümə yetiriblər. Və illa tüccar və sair əsnaf ətfalı bu xüsusda əlləddəvam kənarəculuq edib bu mətləbə əbədən iqdam qılmayıb və pak-pakizə olan ağızlarını, firəng və ingilis lisanında təkəllüm etməklə murdarlığa tənəzzül etməyə razı olmayırlar. Və ədəmi-tə’lim və tərbiyə cəhətilə nə məsailişər’iyyədən bir məsələ qanıb və nə əhkami-Qur’andan bir mətləb anlayıb və nə lazım olan fars və türk dilindən kəma hüvə həqqüh bəhrəyab olublar. Bu biçarə uşaqlara bu barədə yenə məzəmmət yeri yoxdur, çünki bunların ataları hənuz 70 yaşında bisavad olmaq səbəbinə təkalifi-şər’iyyə ittilaində bilmərrə qasir olub, ancaq məs’əleyitəharəti yüz məşəqqətlə öyrənib babi-nəcasətdə ğərq olub məbhut və mütəhəyyir qalıblar. Pəs bu hal üzrə ki, nə üsul və füru’ə dana və nə əhkami-məsailə aşinadırlar, nə də zamana görə lazım olan elmi-sənaət, ziraət, ticarət, tibb, hikmət, həndəsə və hey’ətdən xəbərdardırlar. Heyhat, heyhat! “Çe nisbət xakra ba aləm-e pak”. Filhəqiqə mülahizə edəndə beş günlük dünyadır, heç bu zəhmət və məşəqqətə dəyməz ki, müsəlman qardaşlar firəngiməab – “yevropeyski” olub öz dininə vəfa qılmayıb bilmərrə bidin və laməzhəb olsunlar?!

Əgər müsəlmanlıq budur ki, bizim müsəlmanda var, Vay onun sabahına ki, bu günün arxasınca gələcək![2]

Filvaqe, diqqət nəzəri ilə baxanda əcnəbilər “balon” vasitəsilə neçə günlük məsafəni bir saat zərfində, elmi-sənaət təhsili qüvvəsilə, teyy etməyə qadir olurlar; bunlar bizim üçün böyük mətləblər deyil ki, şayani-təəccüb və mayei-təhəyyur olsun! Hətta elm sayəsində insan nəinki kürreyi-ərzi səyahətdə aciz və qasir, bəlkə tamam əflak və səmavatı bir anda seyr etməyə mühit və dara ola bilirmiş, bizə nə?.. Pəs bu surətdə zəhəmati-müşkiləyə mütəhəmmil olub sərfiövqəti-şərifə qılıb kəsbielm və sən’ət etmək bihudə və bimə’na bir iş olmağı bizim indimizə aşkar və hüveydadır! Və bundan qət’i-nəzər bəsirət gözilə baxan biz müsəlman milləti Rəsuli-Əkrəm həzrətlərindən yetişən o əmri-nəvahinin hansı birisinə amil və peyrəv olmuşuq ki, əlavə bir tə’kidati-elmiyyə və sənaiyyəsinə də rövnəqəfza olub, təməddün və tədəyyün xüsusunda buyurduğu fərmayişata himmət və sədaqətlə əməl edib, kəmali-sə’y və ehtimamla çalışıb, tainki miləlimütəməddinə nəzərlərində mövhun və sərnigün olmayaq!

Qeydlər

[redaktə]
  1. Əsli farscadır.
  2. Əsli farscadır.