Məzmuna keç

Urmiyədən məktub

Vikimənbə saytından
Urmiyədən məktub (1904)
Müəllif: Hüseyn Cavid
“Şərqi-Rus” qəzeti, 23.01.1904, M.T.Sidqinin vəfatı münasibətilə
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.

Aparır külək hər gün gülüstandan bir gülü,
Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.

Rusiya dövlətində Qafqaz şö’bəsində mütəməddini-möhtərəm və əşxasi-sahibiqələmdən məhsub olan maarifpərvər və sədaqətgüstər vücudların birisini də cənab mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi ki, filhəqiqə o gunə ərbabi-kəmal və əshabi-məqal şəxslərə Qafqaz toprağı bu az zamanda çətin pərvəriş vermiş olur, belə ki, ələl-iqtisal müşarünilehyin pişrəft və rövnəqi-mədəniyyətdə sə’y və ehtimamı kamil dərəcədə olub tə’lim və tərbiyə ilə əbnayi-vətənin yüzlərinə beş-altı sənə zərfində mə’rifət qapılarını açıb təhsili-maarifə nə dərəcədə tərğib və təşviq qıldı, amma o vücudi-ali və məs’udun şəvval ayının ğürrəsində dünyayi-fanidən aləmi-cavidani tərəfinə rehlət buyurmağı filvaqe ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayeyihüzn və məlal oldu. Xəllaqi-mütəal o mərhumun qəmi-firqətində rüfəqa və aşinalarına səbri-cəmil əta buyursun; həqiqət o cənabın vəfati-möhnət-ayatı məsmu’ olduqca nari-məhəbbət şö’ləvər olub bu neçə kəlmə əbyatın yazılmasına səbəb oldu:

Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!
Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!
Dağladı ürəkləri o, öz fərağı ilə,
Könlümüz munisindən bizləri məhrum etdi.
Səməndər kimi qeyrət oduna düşüb yandı,
Rus dövlətində o, belə nöqtəyə çatdı.
Yazaraq nəşr etdiyi maarif yayımilə
Həyat verdi xalqına, qaranlıqdan çıxartdı.
Xalq inkişafı üçün çox çalışdı, can atdı,
Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı.
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,
Həyatdan məhrum olub, Fəna həbsində yatdı.
Onun vəfatı ilə yenə cəhalət artdı,
Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü.
Həsrət ilə hamının ürəyi doldu qana,
Fəraqilə onların həyat ümidi itdi.
Tövhid gülüstanının gülçini olmuşdur o,
Müqəddəs yol yolçusu olub, o yola getdi[1].

Qeydlər

[redaktə]
  1. Məqalədəki şeir parçalarının əsli farscadır.