Ustad Səməd ilə aşıq Valehin 1-ci deyişməsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ustad Səməd ilə aşıq Valehin 1-ci deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Səməd
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Ustad Səməd

Bəxt oyanıb, çarx irəli gedəndə,
Hər gün bayram keçər, çalhaçal olar.
Xoş saatda ziyan dönər xeyirə,
Var gələr var üstə bolhabol olar.
Haqq nəzərin bir insandan kəsməsə,
Sayılar hər yerdə qolhaqol olar.
Eşidilər sözü şəkər- bal olar.

Aşıq Valeh

Heç kimsələr tənəzzülü görməsin,
Tərəqqidə dövlət varhavar olar.
Tərəqqinin zimistanı yay keçər,
Tənəzzülün yayı qarhaqar olar.
Yoxsulun əhvalın kimsə soruşmaz.
Varlının halını sorha sor olar,
Xeyir -şərdə hamı ona yar olar.

Ustad Səməd

Qorx o gündən tale yata, çarx dönə,
Sellər gələ, dəhnə uça, arx dönə,
Su qayıda, yol kəsilə, tox dönə,
Mövla dönə, pirlər dönə, qırx dönə,
Gözdən sala, üz döndərə, vaxt dönə,
Düşər nəzərlərdən dalhadal olar.
Ağlar, sızlar qəlbi, düşkünhal olar.

Aşıq Valeh

Daşa dönüb, sinəm üstə döyünər,
Tənə sözlər cigərimdə düyünlər,
Aça bilməm, dolaşıbdır düyünlər,
Haqq şəfasın kəssə xəstə sağalmaz,
Loğman gələr açdığını düyünlər.
Cərrah neştər alar yarha yar olar.
Ölər gedər, nə kömək, nə kar olar.

Ustad Səməd

Çox görmüşəm, zəlaləti, qəmi mən,
Hər möhnəti, hər atəşi, dəmi mən,
Soruşmuşam, öyrənmişəm çəmi mən,
Hər dəryada gəzdirmişəm gəmi mən.
Cavab verib, dinmə, qalma qal olar,
Bəxti yatan, günü -gündən dal olar.

Aşıq Valeh

Saz sərrafdır, teli bəmi qucaqlar,
Könül coşar, dəhan cəmi qucaqlar,
Layla çalar, möhnət -qəmi qucaqlar,
Çay üzündə lötkə üzər su qaçar,
Valeh bir dəryadır gəmi qucaqlar.
Tufan qopar batar vurhavur olar.
Həqdan şəfa tapan dərdi –yar olar.