Məzmuna keç

Uzaq vilayətdən qız sevən oğlan

Vikimənbə saytından
Uzaq vilayətdən qız sevən oğlan
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Uzaq vilayətdən qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
Bir kəlmə qulluğa buyurmaq olmaz,
Tanrı qırsın qız doğanın belini!

Altı aydı, düşüb bir çuxa bəhsi,
Üç aydan bir gəlmir cəhrənin səsi,
Paslanıbdı iyi, çıxmır düyçəsi,
Küllüklərdə gəzir corab milini.

İşə buyuranda, "naxoşam" deyir,
Öynədə bir bayda* doğrama yeyir,
Qonşuyla dalaşır, uşağı döyür,
Kəsən yoxdu bu zalımın dilini.

Axşamdan yıxılır, çeştədək yatır,
Həftədə xanaya bir arğac atır,
Gün batan çağında balatı qatır,
Çırmamır qolunu, yumur əlini.

Ələsgər sözünü deyər üzünə,
Güllə dəysin pis övladın gözünə.
Zibil çıxıb uşaqların dizinə,
On beş fəhlə təmizləməz külünü.