Uzun Həsənin Ənbəd kəndinə soyurğal verilməsi haqqında hökmü
Uzun Həsənin Ənbəd kəndinə soyurğal verilməsi haqqında hökmü (1471-ci ilin apreli) Müəllif: Uzun Həsən |
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 182-183. |
O zəngindir Hökm Allahdandır Xilaskarlığın atası Həsən Bahadur sözümüz.
Dövlətin köməkçisi olan ən əziz oğlanlar, adlı-sanlı əmirlər, yüksək qədirli vəzirlər, habələ Azərbaycanın və xüsusilə hökmdarlıq məkanı Təbrizin hakimləri, naibləri, divan işçiləri və gümaştələri bilsinlər ki, bu zaman Təbriz ətrafındakı Rudqat mahalının Ənbəd kəndini, onun mal [vergisi] və divana aid mütəvəccihatı ilə birlikdə, toşqan ilin başlanğıcından etibarən ağaları mədh edilən, müqəddəsliyin pənahı, həqiqətlər büsatı, rəhbər əlamətli, canişin görkəmli, İslam ölkələrinin sevimlisi, din təriqətlərinə mənsub xalqların mürşüdü, qadir hökmdar Allahın köməkçisi, haqqı, həqiqəti, təriqəti və dini uca olan seyyid, yüksək həzrət Əbdülqafarın – uca Allah onun müqəddəs və yol göstərən məsud kölgələrini əbədi etsin - daimi soyurğalı buyurub bağışladıq və bu mübarək hökm – uca Allah onu nüfuzlu etsin - çıxarıldı ki, yazıldığı kimi həyata keçiriləcəyini bilərək qeyd olunan kəndi həmin həzrətin vəkilləri və gümaştələrinin sərəncamına versinlər və o həzrətin daimi soyurğalı bilsinlər. Mal, ixracat, zəvayid, əvariz və digər divan mükəlləfıyyətlərindən maaf olunmuş, tapşırılmış, azad edilmiş və yazılı göstərişlərdən kənar olunmuş bilsinlər. Bütün cəhətlərdə manəçilik törətməyərək yazılı göstəriş verməsinlər, ayaq basmasınlar, nəzər salmasınlar və göz diləməsinlər. Oranın rəiyyətlərindən heç bir şey tələb etməsinlər. Bu məlum edilən o həzrətin əbədi ənamı və daimi soyurğalı hesab edərək dəyişdirmə şübhələrindən qorunmuş və təzmin edilmiş bilsinlər. Qeyd olunan kəndin kətxudası və rəiyyətləri özlərinin mal [vərgisi], divana aid mütəvəccihat və cəhətlərı haqqında müqəddəs həzrətin vəkillərinə cavab versinlər, onu ödəməkdə itaətsizliyə və ləngitməyə yol verməsinlər. Bütün sahələrdə həmin qayda ilə hərəkət edərək buyruqdan kənara çıxmasınlar və hər il yeni hökm tələb etməsinlər. [Fərman] ən uca xeyirxahın əlçatmaz uca möhürü ilə rənglənərək əsaslandırıldıqda və zinətləndirildikdə [ona] etimad etsinlər.
Yazıldı Yüksəyin əmri ilə 875-ci il ziqə, dətəl-həramm 4-də (1471-ci ilin aprel ayı).
[Möhür:] Bağışlayan hökmdara etimad bəsləyən Həsən. Allah, xeyir və ehsanla başa çatdır!