Məzmuna keç

Uzunboyun xala

Vikimənbə saytından
Uzunboyun xala
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi. Bir zərgər var idi. Onun arvadının bircə qırıq da ağlı yox idi, ancaq gicliyi var idi ki, tez-tez kişinin başına olmazın iş gətirərdi.

Günlərin birində usta, bazara gedib bir qucaq pambıq aldı, gətirib arvadına verərək dedi:

– Bunu əyir sap elə.

– Bunu necə eləyirlər? Mənim heç yadıma düşmür ki, pambığı necə əyirirlər! – deyə arvadı səsləndi.

Usta təəccübləndi:

– Bəs sənin yadına düşməmiş, kimin yadına düşəcək?

– Nə bilim? – deyə arvadı cavab verib öz işinə məşğul oldu.

Bir dəfə isti günlərin birində usta gedib sərin zirzəmidə uzandı ki, dincəlsin, arvadı da hovuzda çimməyə getdi. O, suyun içinə girib heç hovuzun ortasına çatmamışdı ki, qışqırıb ərini köməyə çağırdı.

Kişi, qışqırığa oyanıb zirzəmidən çıxdı və:

– Nə olub? – deyə arvadından soruşdu.

Arvadı isə belə cavab verdi:

– Yadıma düşdü! Tez pambığı gətir, əyirim.

Usta hirslənib ağacı qapdı və arvadını o ki, var döydü, sonra da gün batanacan bütün pambığı əyirib sap eləməyi ona əmr etdi. Axşam kişi evə gəlib arvadına dedi ki, əyirdiyini göstərsin.

– Mən, pambığı qurbağa xala üçün qanova atmışam. Qoy o əyirsin! – deyə arvadı cavab verdi.

Usta daha buna dözə bilməyib tənbəl arvadını evdən qovdu. Arvad gedib şəhər darvazasına çatdı, özünə münasib bir yer tapıb dincini almaq üçün əyləşdi. O yan-bu yana baxıb gördü ki, bir pişik gəlir.

– Miyov-Miyov xala! Yəqin ki, səni mənim ərim bura göndərib, hə? Get ona deginən ki, mən evə qayıtmayacağam.

Pişik təzəcə qaçıb getmişdi ki, arvad, yaxından bir eşşək keçdiyini gördü. Arvad ondan soruşdu:

– Çoş-Çoş xala! Yəqin ki, səni mənim ərim bura göndərib, hə? Get ona de ki, mən evə qayıtmayacağam.

Arvad bir də gördü ki, bir dəvə gəlir. Arvad sevincək dəvənin qabağına çıxıb soruşdu:

– Uzunboyun xala, yəqin ki, səni mənim ərim bura göndərib, hə? Heç evə getməyə könlüm yoxdur. Ancaq sənin xatirin üçün gedərəm, daha keçib, sənin sözünü yerə salmaram.

Arvad bu sözləri deyib dəvənin dalına minərək evinə tərəf sürdü.

Arvad evini görən kimi, uzaqdan qışqırmağa başladı:

– Kişi, bir bax gör! Sən Miyov-Miyov xalanı göndərdin, gəlmədim, Çoş-Çoş xalanı göndərdin, yenə də gəlmədim. Ancaq Uzunboyun xalanın sözünü yerə salmadım.

Ancaq usta özü də arvadının qayıtmağına şad idi. O, arvadını dəvədən düşürüb, dəvənin o yan-bu yanına baxdı. Usta, əlini dəvənin yükünə vurdu, gördü ki, ağırdır; səbətin içinə baxdı, gördü ki, saf qızıl parçalarıdır. O, qızılı götürüb yerə basdırdı, dəvəni tövləyə apardı. İndi daha onlar xoşbəxt ömür sürəcəklər!.. Ancaq heç də belə olmadı!

Səhərisi carçı bazara gəlib car çəkdi ki, padşahın qızılla yüklənmiş dəvəsi itibdir. Kim tapsa, ona böyük mükafat veriləcək. Carçı bunu car çəkəndən sonra, ustanın arvadı onun yanına gəlib əhvalatı bir-bir danışmağa başladı: düzdür o, padşahın dəvəsini görməyib, ancaq dünən axşam əri onu evdən qovanda, o, Uzunboyun xalaya rast gəldi, Uzunboyun xala onu götürüb evlərinə gətirdi və ərilə barışdırdı.

Carçı, sarsaq arvada qulaq asdı, onu ələ salıb güldü və saraya gedib eşitdiklərinin hamısını padşaha danışdı.

– Uzunboyun xala elə mənim dəvəmdir, – deyə şah əhvalatı başa düşdü və əmr elədi ki, zərgəri və arvadını tutub onun yanına gətirsinlər.

Nökərlər onları padşahın yanına gətirəndə padşah ustaya dedi:

– Mən istəyirdim sənin boynunu vurduram, ancaq gizlətdiyin qızıldan dünyada tayı-bərabəri olmayan bir heykəl töksən, onda səni bağışlaram.

Usta o saat işə girişməli oldu. Gecə-gündüz işləyirdi. Hər gün zəhmət haqqı olaraq qızıldan bir balaca parça kəsib evinə aparırdı.

Axır ki, heykəlin qayırılıb hazır olduğu gün gəlib çatdı. Şah və vəzir heykələ baxmağa gəldilər. Şah xeyli vaxt gözünü qəşəng qayırılmış heykəldən çəkə bilmədi, sonra vəzirdən soruşdu:

– De görək ki, ustaya verilən bütün qızıl bu heykələ sərf olunub?

– Bu suala cavab vermək üçün heykəli tərəzidə çəkmək lazımdır, – deyə vəzir ona cavab verdi. – Bunun üçün böyük tərəzi lazımdır, bizim isə tərəzimiz yoxdur.

Padşah bundan hirslənib vəzirə əmr etdi ki, qırx günün içində bu heykəli necə çəkmək lazım olduğunu öyrənib bilməlidir. Vəzir nə qədər fikirləşirdi ağlına heç bir şey gəlmirdi. Axırda o, hiyləyə əl atdı. Nökərini göndərib ustanın arvadını çağırtdırdı. Arvad gələndən sonra vəzir dedi:

– Mənim sənə yazığım gəlir! Heç allaha rəvadır ki, özün belə gözəl-göyçək olasan, gedib bir ustanın arvadı olasan. İstəyirəm ki, səni öz oğlum üçün alım. Ancaq əvvəlcə gərək ustadan öyrənəsən ki, bu heykəli nədə çəkmək olar? Elə ki, gördün ərinin keyfi kökdür, onda bunu ondan soruşarsan.

Bir dəfə gecə arvadı ərindən soruşdu:

– Keyfin kökdürmü?

– Nə üçün soruşursan? – deyə usta təəccübləndi.

– İstəyirəm səndən soruşum ki, sənin qayırdığın heykəli necə çəkmək olar!

– Çox asanca, – deyə usta cavab verdi. – Əvvəlcə heykəli gəmiyə qoymaq lazımdır, nə qədər suya batdığını nişanlamaq la- zımdır. Bundan sonra heykəli gəmidən çıxarıb, içinə o qədər daş yığmaq lazımdır ki, gəminin suya batdığı qeyd olunan xəttə çatsın. Daşları çəkmək də ki, asandır. Onların ağırlığı heykəlin ağırlığı olacaq.

Sabahı günü ustanın arvadı ərindən eşitdiklərini vəzirə xəbər verdi.

Vəzir sevindi və şaha danışdı ki, heykəli necə çəkmək lazımdır. Ustanın dalınca adam göndərildi. Usta gəldi, padşah ona əmr elədi ki, heykəli deyildiyi kimi çəksin. Usta bildi ki, padşahın hər şeydən xəbəri var, oğurladığı qızılı padşaha qaytardı. Şah əmr elədi ki, ustanı uca qalaya salsınlar və qapılarını da tiksinlər ki, o, qalada qalıb acından-susuzdan ölsün.

Usta, qalada oturub öz-özünə fikirləşirdi necə eləsin ki, buradan çıxsın. Birdən gördü ki, arvadı çığır-bağır salıb:

– Tez ol, bura gəl! Vəzirin oğlu məni özünə alır. Əgər razısansa talağımı ver!

– Yaxşı, – deyə usta cavab verdi. – Talağını verərəm, ancaq səndən bir xahişim var, ona əməl eləməlisən.

– Yenə də nə eləmək lazımdır? – deyə arvadı narazı halda ondan soruşdu.

– Böyük bir qarışqa tap, – deyə usta cavab verdi, – ayağına sap bağla və qoy divarla üzü yuxarı dırmaşsın. Qarışqa yuxarı çıxıb mənə çatanda, sapın ucuna qaytan bağla. Mən dartıb qaytanı tutanda, ucuna yoğun kəndir bağla. Mən kəndirin ucunu özümə tərəf çəkəndə, sən də o biri ucunu belinə bağlarsan. Mən dartıb səni yuxarı çıxararam, onda talağını sənə verərəm.

Arvadı ustanın dediyi kimi də elədi. Axırda əri kəndiri çəkib onu qalanın başına çıxartdı.

Usta, arvadına dedi:

– İndi də sən, kəndiri saxla, mən aşağı düşüm, gedib talağını gətirim gəlim.

Usta yerə düşən kimi o saat dostunun yanına gedib onun evində gizləndi. O biri gün, padşah yenə heykələ tamaşa etməyə başladı, bir qədər fikrə getdi, dedi:

– Adamı həmişə istənilən vaxt məhv etmək olar. Ancaq bu cür usta hələ çox işlərimizə yarıya bilər.

O, nökərlərini göndərdi ki, qalanın qapılarını sındırıb ustanı oradan çıxartsınlar və padşahın yanına gətirsinlər. Nökərlər qapıları sındırıb gördülər ki, usta yoxdur, ancaq arvadı orada oturub.

Gəlib əhvalatı şaha xəbər verdilər. Padşah ustanın zirəkliyinə mat qaldı və vəzirinə əmr elədi ki, onu qırx günə kimi tapıb sağ-salamat onun yanına gətirsinlər.

Vəzir bütün evləri axtardı, ancaq ustanı heç yerdə tapa bilmədi. Axırda vəzir hər evdə bir quzu bəslənməsi üçün əmr verib dedi ki, padşah buyurub hər bir ev yiyəsi quzunu elə bəsləməlidir ki, iyirmi gün içərisində quzu nə kökəlsin, nə də arıqlasın. Kim quzunu belə bəsləməsə boynu vurulacaq.

Ustanın gizləndiyi evin yiyəsi qorxusundan əsə-əsə dostundan soruşdu:

– Məgər elə eləmək olar ki, quzu nə kökəlsin, nə də arıqlasın?

– Bundan asan nə var ki? – deyə usta onu sakitləşdirdi. – Səhərdən axşamacan quzunu yedirt, o kökələcək, gün batanda qurd balasını ona göstər, – quzu o saat arıqlayacaq. Hər gün elə eyləsən, quzu necə var, elə də qalacaq.

Ev yiyəsi iyirmi gün ustanın dediyi kimi elədi. Vəzir axırıncı gün bütün quzuları yığdı. Hamı gördü ki, evində qızıl ustasını gizlədən ev yiyəsinin quzusundan başqa o biri quzular ya kökəlib, ya da arıqlayıbdır.

Hamı başa düşdü ki, bu iş ancaq ustanın əlindən gələ bilər, ona görə də qarovulçular gəlib ustanı tapdılar, əllərini, ayaqlarını bağlayıb saraya gətirdilər.

Padşah ona belə dedi:

– Sənin taqsırından keçirəm və səni özümə vəzir təyin eləyirəm. Sən də öz arvadının təqsirindən keç.