Uzuxlar

Vikimənbə saytından
Əfsanələr. Uzuxlar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişdə Uzuxlar olublar. Çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyərlər ki, uzuxdu. El arasında timsaldı da. Uzuxlar bizim əcdadlarımız olublar. Özü də çox yaşarmışlar, yüz il, iki yüz il, üç yüz il.** Belə eşitmişəm ki, günlərin bir günündə uzuxlardan biri meşəyə odun qırmağa gedibmiş. Orada gözünə qəribə bir şey dəyir. Bapbalaca. Ovcuna alıb evə gətirir. Bütün uzuxlar onun başına toplaşırlar. Başlayırlar bu əcaib şeyə baxmağa. Birdən onların bir ağsaqqalı qabağa gəlib deyir:

– Bu əcaib şey deyil, insandı. Vaxt gələcək, bunlar yer üzünü götürəcək, bizi əvəz edəcəklər.

İnsanı tutub gətirən uzux bərkdən gülür. Deyir:

– Bu özü nə şeydi ki, bizi də əvəz edə bilsin. Boyu heç mənim bir qarışım qədər də deyil. Elə ovcumu yumsam, əlimdəcə canı çıxar.

Qoca uzux deyir:

– Yox, elə deyil. Bunlar bizdən çox-çox ağıllıdırlar. Özü də vaxt gələcək, bizi əvəz edəcəklər.

İnsanı gətirən uzux deyir:

– Yaxşı, indi ki belə oldu, mən onu imtahan edərəm. Əgər sözümü yerinə yetirsə, inanaram, özünü də buraxaram gedər. Yox əgər yerinə yetirməsə, onda cücü-mücüdür. Ovcumu yumaram, əzilib ölər.

Qoca uzux deyir:

– Yaxşı, onu necə imtahan etmək istəyirsən?

İnsanı gətirən uzux deyir:

– Özüm bilərəm, indi görərsən.

Uzuxun bir atı varmış, dam boyda. Elə hündürmüş ki, adam baxanda papağı düşərmiş. Oğuz tövləyə gedib atı çəkə-çəkə gətirir insanın yanına. Sora da bir torbaya bir az arpa töküb deyir:

– Ey insan, bax bu torbada arpa var, keçir atın başına qoy yesin.

İnsanın boyu atamı çata bilərdi. Heç ayağının yarısı boyda da deyildi. Amma o, torbanı baş tərəfindən başlayıb arpaya çatınca qatlayır. Sonra da torbadakı arpanı ata göstərib yırğalayır, başlayır muşqurmağa. At səs eşidib aşağı baxır. Arpanı görən kimi başını torbaya salıb arpanı yeməyə girişir. İnsan tez torbanı atın başına keçirir.

Bunu belə görən Uzux əlini əlinə vurub bərkdən gülür. Deyir:

– Bir buna bax, bunun boyuna bax, gör torbanı atın boynuna necə keçirdi. Bir qarış boyu ilə torbanı dam boyda atın başına keçirdisə, deməli, bizi də əvəz edəcək.

Doğrudan da vaxt keçdi, vədə gəldi, insanlar bütün dünyaya yayıldılar. Uzuxlardan yalnız üç-dörd metrəlik qəbirlər qalıb.