Vəchində peydadır sənin ənvari-zati-kibriya
Görünüş
Vəchində peydadır sənin ənvari-zati-kibriya Müəllif: İmadəddin Nəsimi |
Vəchində peydadır sənin ənvari-zati-kibriya,
Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,
Fərhadivar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh,
Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,
Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,
Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.
Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil,
Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.