Məzmuna keç

Vəfalı Səriyyə/Dördüncü məclis

Vikimənbə saytından
Vəfalı Səriyyə/Üçüncü məclis Vəfalı Səriyyə Dördüncü məclis
Müəllif: Cəfər Cabbarlı

Vaqe olur birinci məclisdəki otaqda, lakin gəlin üçün bəzənibdir. Bir kravat üstündə rəxtxab. S ə r i y y ə oturub, M ə h ə r r ə m daxil olur.

M ə h ə r r ə m. Bunlarda xəta var, qanları qaynayır. Bilirəm burada fövqəladə bir iş… Ah, bədbəxt qız! Səni azad etməyə məndə iqtidar yoxdur ki, bari az da olsa sənə kömək edim. (Tapançanın gülləsini boşaldıb gedir.)

S ə r iy yə. Ah, dünya! İllər ilə ürəyimdə bəslədiyim şirin-şirin ümidləri məhv etmək istəyirlər, amma, heyhat, əbəsdir, ta mən ölməyincə onlar istədiklərinə çatmazlar.

H ə m z ə və Çimnaz daxil olurlar.

H ə m z ə. Yenə nə danışırsan?

Çimn a z . Neçün ağlayırsan?

S ə r i y y ə . Mən Q u r b a na getmirəm! Ay baba, mənə mərhəmət et. Məni azad elə, Allah xatiri üçün, mənim bir kəsim yoxdur.

H ə m z ə. Səsini kəs! Həyasız! Hərgah bir də danışsan, səni doğratdırmayan lap kafir, mürtəddir. Bax, bu saat Q u r b a n bura gələcək, tapşırmışam, onda bir kəlmə o yan bu yana danışsan, səni öldürməmiş yanıma gəlməsin. Yox, sən bizimlə inad yeritmək istəyirsən.

Çi m n a z . İnadına-zadına baх! Səni bir dərdə saldırım ki. Yox, böyüklərindən mən nə gördüm ki, kiçiklərindən sən nə görəsən! Şir kimi dayım oğlu durub, səni itin birinə verəcəyəm! Demişəm, qoy o öldürsün! Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən! Ya heç kəs bilməmiş, aparıb qoyaram səni qəbrə, gələrəm.

S ə r i y y ə (anasının ayaqlarına yıxılır). Ay ana! İtdir, hər nədirsə, mənim ürəyim onu sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm, mən onu sevirəm, sən məni ona ver, qoy mən gün görmüyüm. Ah! Ana, ana, ana! Barı sən, sən rəhm et!

Çi m n a z (onu itələyir). Rədd ol burdan! Həyasız! (Gedirlər.)

S ə r i y y ə (durub onun dalınca). Get, get! Alçaq qadın, xain! Sən məndən ötrü ər bəyənmişsən! Hüsniyyə daxil olur.

Hü s n i y y ə . Səriyyə, sənə nə olub? Nə üçün ağlayırsan? Mən sənin kitabını gətirmişdim, evinizə getdim, dedilər ki, buradasan, mən də bura gəldim.

S ə r i y y ə . Ah! Hüsniyyə, mən kitabı istəmirəm. Apar, o kitabı sənə yadigar verirəm. Mən bir saatdan sonra öləcəyəm. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. H ü s n i y y ə . Səni kim və nə səbəbə öldürəcək? Nə deyirsən?(Qulağına söz deyir.) Bəs Rüstəm hanı?

S ə r i y y ə . Ay Hüsniyyə! Rüstəm də bir tək adamdır, nə eləsin! Amma bu zalımlar çoх! Ah, Hüsniyyə, sən gedəcəksən, Rüstəmə de, məni halal eləsin. Mən dəxi onu görə bilmərəm. (Onu qucaqlayır.) Əlvida, bacım, axırıncı dəfə ayrılmağımızdır. Hüsniyyə gedir, Səriyyə xəncəri götürür. Q u r b a n daxil olur.

Q u r b a n. Salaməleyküm!

S ə r i y y ə (ağlaya-ağlaya). Əleyküməssalam!

Q u r b a n. Ağlama! Məgər R ü s t ə m məndən artıq cayıldır? Elə oğlanların palan başı əllisini döyərəm. Pul istəsən, məndə! Mal istəsən, məndə! İgidlik istəsən, məndə! Adam öldürməklik desən, məndə! Oğurluq-doğruluq desən, məndə! Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan? Otur, oyna, gül, danış; adam axmaq olmaz! Elə oğlanların onun tutub baş-başa vurram, başı partlar.

S ə r i y y ə . Q u r b a n, sən cavansan, mənə rəhm et! Mənim bir kəsim yoxdur. Sən məni azad et, çünki mən R ü s t ə mi sevirəm.

Q u r b a n. Necə? Nə dedin? Yenə R ü s t ə min sözünü danışırsan?

H ə m z ə (Qurbana baxır). Bax, hərgah iş oyan-buyan oldu, öldür… cəhənnəmə… O arvadlığı ilə bir belə kişi ilə inad yeritsin? Sallıq bir kisəyə, gecə aparıb tullarıq şəhərin kənarına və bu işi də salarıq Rüstəmin boynuna. Qorxma, oğul!

Q u r b a n. A kişi, nədən qorxuram? Şir kimi Əli Səttarı öldürəndə qorxmadım? İndi bir qız üçün qorxacağam?

H ə m z ə. Ya gərək onu bu gün öldürəsən, ya həmişəlik lal edib oturdasan. (Gedir.)

S ə r i y y ə . İlahi, indi ölməyim yəqindir!

Q u r b a n (oturur). Səriyyə bura gəl! (S ə r i y y ə ağlayır.) Ağlama sənə deyirəm. (S ə r i y y ə ağlayır.) Ovqatımı təlx eləmə! Ay qız, bəsdir; qulağımız dəng oldu. Allahü əkbər, acığımı çıxardır ha! (Gedir üstünə.) Ay qız, sənə demirəm dur bura gəl?

M ə h ə r r ə m daxil olur.

M ə h ə r r ə m. Qurban, qardaş, neçün belə pislik eləyirsən? Bu hələ həyatınızın ibtidasıdır belə lənglik ilə gedir. Bəs gələcəkdə nə tövr olacaq?

Q u r b a n. Gələcəkdə bax, o cür. (Tapançanı göstərir.)

M ə h ə r r ə m. Qardaş, neçün özünü və o məsum balanı bədbəxt edirsən? Mən eşidirdim, atam sənə deyirdi ki, qızı öldür! Neçün?

Q u r b a n. Sən mənim üçün vəkil deyilsən! Bayıra çıx! Sənin nə ixtiyarın var mənim otağıma gəlmişsən?

M ə h ə r r ə m. Qardaş, Allaha bax, ona rəhm elə!

Q u r b a n. Sənə deyirəm, çıx bayıra, yoxsa. (M ə h ə r r ə mi itələyir bayıra.) Ay qız, qanımı qaraltma, dur bura gəl! Sənə deyirəm, dur bura gəl. (S ə r i y y ənin qolundan tutub sürüyür. Hüsniyyə baxıb gedir.)

S ə r i y y ə . Buraх! Dəli, biinsaf, bimürvət! Mən hərgah Rüstəmə aşiq olmasam da, sənin kimi vicdansızla yaşamağı özümə ar bilirəm. Bir insan ki, oğurluqla, adam öldürməklə fəxr edə, vəhşilik ilə iftixar edə, mən sadə ürəkli bir qız onunla yaşamağı özümə həqarət bilirəm! Alçaq! Zalım! Vəhşi! Öldür məni, daha mən ölümdən qorxmuram. Mən belə həyatı arzu etmirəm. Sənin kimi vəhşi, quldur, bihəya, binamusla yaşamaqdansa, ölüm, ölüm gözəldir. Q u r b a n. O sözləri mənə deyirsən?

S ə r i y y ə . Bəli! Sənə, sənin kimi vicdansızlara!

Q u r b a n. Mən dəxi sənin kimi arvadı istəmirəm. Əjdaha kimi igidlər mənim qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə sözlər deyirsən? (Yüyürür tapança üstünə.)

S ə r i y y ə . Mən ölümdən qorxmuram. Əlvida, ey sevgilim Rüstəm! Burada S ə r i y y ə qəşş edir. Q u r b a n iki dəfə tapançanı atır. Lakin açılmır. Tapançanı yerə atıb, mıxdan xəncəri götürür. S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m daxil olub göydə xəncəri tutur.

R ü s t ə m. Dayan, zalım oğlu, nə qayırırsan?

Q u r b a n. Burax, kimdir məni tutan?

Qışqırığa H ə m z ə, Çimnaz, Camal daxil olurlar. Çimnaz və Həmzə Rüstəmin tapançasını dartırlar. Rüstəm buraxmır.

H ə m z ə. Adə, Camal, yeri, xəncəri götür. Camal xəncəri götürüb S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m yeriyib yerdəki xəncəri Camala endirmək istəyir. Bu halda Q u r b a n durub Rüstəmin tapançasını götürür.

Q u r b a n. Qoy əvvəl bu həyasızı vurum.

H ə m z ə. Adə, vur də.

P r i s t a v və i k i kazak daxil olur.

P r i s t a v . Dayanın! Nə qayırırsınız? Hamısının əli göydə durub dayanırlar.

P r i s t a v . Bu nə hadisədir?

H ə m z ə. A, a, ay ağa, vallah bu oğlan evimizə oğurluğa gəlib; bizi öldürmək istəyir, odur qızı vurub öldürüb. Hü s n i y y ə . S ə r i y y ə, gözəl bacım, məgər səni öldürüblər? Yox, ölməyib.

P r i s t a v . Qızı kim vurub?

H ə m z ə. Vallah, billah, bu bizə oğurluğa gəlmişdi. Qızımı da öldürüb.

P r i s t a v . A kişi, yalandan nə üçün and içirsən? Qızı o (Qurbanı göstərir.) vurmaq istəyirdi ki…

H ə m z ə. Yox, imanım, dinim haqqı o qoymurdu qızı öldürsünlər. Bu halda S ə r i y y ə yavaş-yavaş ayılır.

Hü s n i y y ə . Kişi, bu oğlanmı o qızı öldürmək istəyirdi?

H ə m z ə. Ay ağa! Balalarının başına dolanım, vallah, billah, getdiyim Beyt haqqı, iki nəfər şahidim var, istəyirsən gedim çağırım ki…

P r i s t a v . Kəs səsini! Cinayətkarlığı bəs deyil, yalan da danışır! Yalan danışmağı bəs deyil, and da içir.

S ə f ə r . And bir şey deyil ki!

H ə m z ə. Başına dönüm, ay ağa!..

P r i s t a v . Səsini kəs, bəsdir. Bağlayın bunların qollarını!

S ə r i y y ə . Cənab pristav, məlumunuz olsun ki, cinayətkarların əvvəlincisi bu arvad, mənim anamdır.

Çi m n a z . Başına dönüm, ay qız, bu vaxtımda məni qazamata göndərmə.

S ə r i y y ə . Get, xain! Mən sənin qızın deyiləm!

P r i s t a v . Sizin başınıza bir divan gətirim ki, özünüz mərhəba deyəsiniz. Yoxsa siz ədalət qanununu unutmuşsunuz nədir?

M ə h ə r r ə m (daxil olur). Hə… Əleyküməssalam… Mən sizə demədim ki, belə iş eləməyin Allahın bəlasına gələrsiniz? Indi gedin, hərənizin belinə on iki il katorqa gələr, onda ağıllı olarsınız.

H ə m z ə. M ə h ə r r ə m! Sən də gəl bizimlə gedək, çünki biz yaxşı urusi dilini bilmirik.

M ə h ə r r ə m. Хеyr, bəndə məzurdur! Uşaq deyilsiniz ki, divandərə görməmişsiniz məgər? Canınız bu divanlarda çıxıb.

P r i s t a v (Rüstəmə). Siz evinizə gedə bilərsiniz. (Məhərrəmə.) Bu ev də sənindir?

M ə h ə r r ə m. Bəli! R ü s t ə m. Biz siz alicənabdan çox razıyıq, zira bizim hər ikimizi doğru ölümdən qurtardınız.

P r i s t a v . Razılığınıza qarşı təşəkkür edirəm. (Kazaklara.) Hə… sürüyün bunları! (Getmək istədikdə.)

S ə f ə r . Ay ağa, ay ağa!

P r i s t a v . Adə , nə var?

S ə f ə r . Ağama demək istəyirəm. (H ə m z əyə.) Ay ağa! Sən bayaq dedin ki, Rüstəmi də, Səriyyəni öldürərik, tullarıq. Əgər Rüstəm olmasa, Səriyyəni öldürərik, sonra iki nəfər şahid tutub hərəsinə üç manat verərik, gedib deyərlər ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. İndi mən də deyirəm ki, üç manatı mənə ver, bir şahid məni elə.

P r i s t a v . A! A! A! Dəlidən doğru xəbər. Qoçaq, gəl sən də bizimlə, məhkəmədə elə bu sözləri de.

S ə f ə r . Nə eybi, gedim də. Hamı gedir.

S ə r i y y ə (Məhərrəmə). Mən sizdən çox razıyam. Çünki siz mənim azad olmağıma çox çalışıbsınız.

M ə h ə r r ə m. Təşəkkür edirəm!

R ü s t ə m. Yaxşı, indi götür çarşabı biz də gedək. (Qapı ağzında.)

Qoyma, ya rəbb, zalimi bir kimsəni xar etməyə! Bir kəsə zülm eləyib, dərdə giriftar etməyə! Pənceyi-zalimdən, ey rəbbim, qutar məzlumu sən, Qoy heç İsanı Yuda təneyi-zar etməyə!

Pərdə