Məzmuna keç

Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir

Vikimənbə saytından
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir
Müəllif: Məhəmməd Füzuli


Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir,
Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?

Göz yoludur ki, könül mülkinə xublar girər ondan,
Tutma, ey əşk, onu billah ki, əcəb rah güzərdir.

Nə göhər bulsa bəyənməz buraxır yazıya dərya,
Qaliba, kim ona məqsud dişin kimi göhərdir.

Eşq eybini bilibsən hünər, ey zahidi-qafil,
Hünərin eybdir əmma, dediyin eyb hünərdir.

Sitəmin gərçi yamandır, onu tərk eyləmə, billah
Ki, təğafül, sitəmindən dəxi əlbəttə, bətərdir.

Axir olmaz necə kim, göz yaşı axarsa həmana
Ki, dəmadəm ona imdad qılan xuni-ciyərdir.

Sərsəri basma qədəm eşq təriqinə, Füzuli,
Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir.