Vəng piri
Rəvayətlər. Vəng piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Belə deyirlər ki, keçmişlərdə Noraşen tərəfdə bir qadının uşağı olmurmuş. Kükü kəndinin yanındakı Vəng pirinə niyyət edir ki,
əgər uşağı olsa gətirib orada od yandıracaq.
Həmin qadın bu niyyətlə bir boş beşik götürüb Vəng pirinə gəlir. Beşiyin içinə uşax əvəzinə daş qoyub başlayır yürgələməyə. Gecə olduğundan elə bir əli beşikdə başlayır mürgüləməyə. Yuxusunda görür ki, bir qara çarşoylu qadın onu dala çəkib deyir:
– Qızım, bura niyə gəlmisən?
Qadın cavab verir ki, uşağım olmur, onun üçün gəlmişəm.
Qara çarşoylu qadın deyir:
– Daha qanını qaraltma. Qismətində var. Get sənə bir uşaq verdim.
Qadın diksinib yuxudan ayılır. Boylanır. Ancaq heç kimi görmür. Beşiyi dalına alıb içindəki daşla bərabər götürüf gecəynən evə qayıdır.
Deyirlər ki, həmin gündən qadın hamilə olur, vədə tamamında dünyaya bir uşaq gətirir.