Məzmuna keç

Vətən həsrətli el şairi

Vikimənbə saytından
Vətən həsrətli el şairi (2011)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan" qəzeti, №40(128) 30 noyabr 2011-ci il.


Göyçə mahalının folkloru, mədəniyyəti, sazı-sözü, qədim tarixi, tanınmış şəxsiyyətləri ilə məşhur olan Daşkənd kəndində bir-neçə adlı-sanlı nəsillərin sırasında Hacı Zeynallı nəslinin adı da el-oba arasında hər zaman qürurla çəkilmiş və çəkilməkdədir.
Nəsli əslən Sulduz mahalından olan Hacı Zeynalın kötücəsi Xasay müəllimin söylədiklərindən və yazdıqlarından belə məlum olur ki, Hacı Zeynal əvvəllər Qazaxda yaşamışdır. Sonralar o, Qazağın yaylaq yerləri olan Göyçə mahalına köçmüş, mahalın Daşkənd kəndində məskunlaşmışdır. Hacı Zeynalın Hacı Kazım və Əzim adlı iki oğlu olub. Hacı Kazımın isə Qızyetər, Zeynal, Ceyran, Məmməd və Səkinə adında iki oğlu, üç qızı olmuşdur.
Dindar ailədə doğulan Zeynal müqəddəs Kərbəlanı ziyarət etmiş, Kərbəlayı adını almışdır. Daşkənd kəndində sayılan ağsaqqallardan olan Kərbəlayı Zeynal qaynı Məşədi Qasımla, həmkəndliləri Hacı Rəhim, Ziyad Babayev, Vəli, Qaçaq İdris, Əliş və başqa igidlərlə birlikdə 1905-ci və 1918-ci illərdə erməni daşnaklarına qarşı igidliklə döyüşmüşlər, doğma Daşkənd kəndini layiqincə qoruya bilmişlər. 1936-cı ildə 74 yaşında vəfat edən Kərbəlayı Zeynalın İsrafil və Tutu adında iki övladı olub. 1896-cı ildə anadan olan İsrafil 1941-ci ildə Böyük Vətən Müharibəsinə aparılmış, 1943-cü ildə döyüş zamanı həlak olmuşdur. İsrafil Kərbəlayı Zeynal oğlunun Teyfə, Xasay, Kübra, Surxay, Pakizə və Səfxan adlı 6 övladı vardı.
Zeynalov Xasay İsrafil oğlu 1927-ci ilin mart ayında qədim ozanlar yurdu Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Xasay Zeynalov 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Pedaqoji məktəbə qəbul olmuş, bitirdiyi orta məktəbdə tarix fənnini tədris etməyə başlamışdır. O, 1945-ci ildə Pedaqoji məktəbi bitirmiş, bununla kifayətlənməyərək ali təhsil almaq üçün 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olmuşdur.
Xasay müəllim 1955-ci ildə institutu bitirdikdən sonra məktəbdə dərs hissə müdiri seçilir və 1958-ci ilə kimi həmin vəzifədə çalışır.
1959–1960-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsində təlimatçı, 1961–1962-ci illərdə Daşkənd kənd kolxoz idarə heyətinin sədri, 1962-ci ildən 1972-ci ilə kimi Daşkənd kənd sovetinin sədri, 1973-cü ildən 1988-ci ilə kimi isə Daşkənd kənd orta məktəbində direktor müavini işləməklə xalqımıza nümunəvi xidmət göstərmişdir.
Xasay Zeynalov həmçinin 1975-ci ildən 1988-ci ilə kimi Rayon Partiya Komitəsində partiyaya qəbul komissiyasının üzvü və Daşkənd kənd orta məktəbində ilk partiya təşkilatının katibi işləmişdir.
1961-ci ildən 1988-ci ilə kimi daimi olaraq kənd və rayon sovetlərinə deputat seçilmişdir. SSRİ Ali Sovetinin fəxri fərmanı və bir neçə medalla təltif olunmuşdur. Əmək veteranı və təqaüdçü idi.
45 il doğulduğu kənddə müəllim işləyən Xasay Zeynalov 30 noyabr 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq doğma yurdu tərk etməli olur və Bakı şəhərinə köçmək məcburiyyətində qalır.
1940-cı illərdən şeir yazmağa başlayan Xasay Zeynalov şifahi və yazılı xalq ədəbiyyatını mükəmməl bilən, aşıq sənətinə, xalq dastanlarına böyük həvəs göstərən bir şair idi. Şair Sərraf Şiruyə Xasay Zeynalov haqqında yazır: "Şair Məmmədhüseyn irsindən Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Nəcəf, Həsən Xəyallı şeiriyyatını sinəsinə yığıb, onlardan ibrət, nəsihət götürmüş kamil bir ziyalıdır. …Şəriət-təriqət tələblərini mükəmməl bilən Xasay müəllim Göyçə mühitində söz ustadı kimi tanınır. Onun yanında kimsə danışanda həmişə ehtiyatla danışardı." Bəli, həqiqətən də doğma Daşkəndin tarixini, folklorunu onun qədər dərin bilən ikinci bir şəxs yox idi. O, ədəbi-bədii yaradıcılıqla ömrünün axırına qədər məşğul olmuşdur. Yaradıcılığının çox hissəsi Göyçə tarixindən bəhs edən dastan-pоemalardan və Göyçə həsrətli şeirlərindən ibarətdir. Bunula yanaşı Xasay Zeynalov aşıq şeiri üslubunda cığalı təcnis, dodaqdəyməz, müstəzad, qıfılbənd-bağlama, divani, müxəmməs, çox az işlənən güllü qafiyə (qoşayarpaq qoşma) və başqa janrlarda da yazıb yaratmışdır.
Məsnəvi şəklində yazdığı "Keyti və Mehdi dastanı", "Açıq Nəcəf dastanı" kimi əsərləri sevilə-sevilə oxunur. Müəllifin şeirlərinin ən çoxu ustadnamələr, nəsihatamiz kəlamlar, xalq deyimləri ilə zəngindir. Tədqiqatçı alim Ziyəddin Məhərrəmov "Yaradıcı müəllim ömrü" məqaləsində konkret olaraq qeyd edir: "Aşıq sənətinin və xalq yaradıcılığının poetik nümunələrindən bəhrələnə-bəhrələnə özü də orijinal yaradıcılıq yolu keçmişdir. Xasay müəllimin şeirlərində xalqımızın, tariximizin keçmişi, görkəmli tarixi şəxsiyyətlər, islam dininin insan həyatında mənəvi əhəmiyyəti tərənnüm olunur."
Xasay Zeynalovun poeziya nümunələri mətbuatda, qəzet səhifələrində mütəmadi olaraq çap olunmuşdur. Bu sətirlərin müəllifinin "Daşkənd aşıqları və şairləri" adlı toplusunda, hər il çap olunan "Ədəbi İrəvan" almanaxında onlarla şeiri oxuculara təqdim olunmuşdur.
25 noyabr 2011-ci ildə 84 yaşında vəfat edən Xasay Zeynalovun 2006-cı ildə "Nurlan" nəşriyyatında "Göyçəsiz günlərim", 2009-cu ildə isə "Hərbi Nəşriyyat"da "Vətən həsrətində, el firqətində" adlı kitabları çap olunmuşdur. Onun bir-neçə kitabı isə əlyazma şəklində çap üçün hazırdır. İnanırıq ki, o kitablar da çap edilərək geniş oxucu auditoriyasına təqdim olunacaqdır.
Fikirlərimi isə Xasay Zeynalovun bir bayatısı ilə tamamlamaq istəyirəm:

Əzizinəm xas aydı,
Xas həftədi, xas aydı.
Sizə sözdən yadigar
Yazıb gedən Xasaydı.

Allah sənə rəhmət eləsin Xasay müəllim. Ruhun şad olsun, qəbrin nurla dolsun!