Məzmuna keç

Vaqif/Birinci pərdə

Vikimənbə saytından
Vaqif Birinci pərdə
Müəllif: Səməd Vurğun
İkinci pərdə


Birinci şəkil

[redaktə]

XVIII əsr. Azərbaycan, Qazax mahalı. Vidadinin evi. Arxa tərəfdə Kür çayı şırıl-şırıl axır. Qürub zamanıdır. Vidadi tək ağac altında namaz qılır. Namazın arasında əllərini göyə qaldırıb titrək və təsirli bir səslə.

V i d a d i.
Xudaya! İnsanın halı yamandır,
Nələr çəkdiyimiz Sənə əyandır,
Mənası varmıdır min təriqətin?
Aç... aç qapısını Sən həqiqətin.
Nə olur, bir yeni işıq ver bizə,
Bizim kor yaranmış gözlərimizə —
Bəlkə də yaxşını seçək yamandan,
Ta ki qansız keçən bir güzərandan
Biz də ilham alaq, sevinək barı!
İşıqlat bu dibsiz qaranlıqları...
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahından!
Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan-başa bir cənnət olsun...

T ü k ə z b a n.
Yenə namaz üstə şeir deyirsən!

V i d a d i.
Sən də təzə-təzə qəlbə dəyirsən...

T ü k ə z b a n.
Yox, yox... Vidadican, bağışla məni,
Könüldən sevirəm hər bir kəlməni.
Otuz il gördüyüm bu yoxsul ocaq,
Bir qonaq görməmiş bu səssiz bucaq
Sənin ayaqların dəydiyi zaman
Mənə cənnət kimi görünür, inan!

V i d a d i.
Gəl, gəl, yaxın otur, vəfalı qarım,
Səndə yuva salmış ilk arzularım;
Dünanın dərdini qəmini hər an
Mənə bir baxışla unutdurursan.

T ü k ə z b a n.
Bizə çox görməsin Yaradan bunu,
Mən sənə borcluyam ömrüm uzunu.

V i d a d i.
Tükəzban! Azaldı gəlib-gedənlər,
Vaqifdən gəlməyir təzə bir xəbər.
Of... O, Qarabağa köçəndən bəri
Gödəlir ömrümün bu son günləri...
Onsuz günü-gündən çoxalır qəmim,
Oydu bu yerlərdə könül həmdəmim.

T ü k ə z b a n.
Vidadi! Darıxma, bizdə məsəl var:
Bir yandan bağlayan bir yandan açar.

Qapı döyülür.

V i d a d i.
Buyurun!

İki nəfər elçi gəlir.

I e l ç i.
Sizsiniz Vidadi şair?

V i d a d i.
Bəli, qulluğunuz bəndəyə dair?

I e l ç i.
Gəncədən gəlmişik, qonağıq sizə...

T ü k ə z b a n.
Bizim yoxsul olan bu evimizə
Siz xoş gəlmişsiniz!

V i d a d i.
Gəlin, qardaşlar!
Allah qonağının öz qisməti var.

Elçilər əyləşirlər. Tükəzban qarı aftafanı sayacağının üstünə qoyub çay hazırlayır.

V i d a d i.
Yaxşı, hardansınız, kimlərdənsiniz?

I e l ç i.
Şair, Cavad xanın adamıyıq biz,
Xoş xəbər gətirib gəlmişik sizə.

V i d a d i.
Vaqifdən?

I e l ç i.
Yox, Vaqif Qarabağdadır,
Siz ki bilirsiniz, o, uzaqdadır.

V i d a d i.
Bəli, uzaqdadır, həsrəti çoxdur...
Ancaq sədaqətin mənzili çoxdur.
Yaxşı, bir danışın, buyurun görək!

I e l ç i.
Yoxdur bu torpaqda şair sizintək,
Gözəl sözləriniz düşüb dillərə,
Sizi çox görməsin Tanrı ellərə.

V i d a d i.
Yox... yox... Hüsni-kəlam Vaqifdə vardır,
Hər sözü ölməyən bir yadigardır.
Belimi sındırıb onun həsrəti.

I e l ç i.
Bizim xan çox sevir şeiri, sənəti,
Sizin yanınıza göndərdi bizi,
İstəyir saraya gəlməyinizi.

V i d a d i.
Necə?

I e l ç i.
Xan deyir ki, Vidadi gəlsin,
Sarayda yaşasın, burda yüksəlsin.
Eviniz hazırdır bir bağ içində,
Eyvanı yamyaşıl yarpaq içində;
Bilməyəcəksiniz nə dərd, nə zillət,
Aşıb daşacaqdır sizinçün dövlət.
Sizi vəzirliyə dəvət edir xan.

V i d a d i.
Oğul, mən azadam başdan, binadan.
Bir də alışmışam bizim çöllərə,
Könlümdən ayrılmaz bu dağ bu dərə.
Məndən nə şah olar nə də xan olar,
Gəlsəm də, xan özü peşiman olar.

I I e l ç i.
Canım, bir düşünün, bu səadətdir...
Bu tərki-dünyalıq yaman adətdir.
Qanadlı bir quşdur fürsət əzəldən,
Qaçar, buraxmayın siz onu əldən!

V i d a d i.
(bir növ başdan eləmək məqsədi ilə)
Deyin ki, xəstəyəm, yoxdur qüvvətim,
Yoxdur o əvvəlki sözüm, söhbətim.
Bu gün-sabahlığam, günlər tez keçir,
Mənim də karvanım yığışıb köçür.

I I e l ç i.
Demək... baş tutmadı xanın arzusu?
Sizdən gözlənilməz bir cavabdır bu.
Canım, bu ac evdən nə tapmısan sən,
Niyə buraxırsan kefi əlindən?

V i d a d i.
Burda olmasa da saray havası,
İstidir hər quşun doğma yuvası.
Kasıb komacığım özümə yetər,
Burda yazılmışdır yüzlərlə əsər.

I e l ç i.
Bəxtinizdən küsün...

V i d a d i.
Yox, yox... mən şadam,
Burda hər qayğıdan, dərddən azadam.

I I e l ç i.
Gəl gedək, gəl gedək, bu ki dəlidir.

I e l ç i.
Gəl gedək, doğrudan, bu gülməlidir.

V i d a d i.
Qalın, gecələyin, evimiz vardır.

I e l ç i.
(rişxəndlə)
Sizə darlıq olar, daxmanız dardır...

V i d a d i.
Ürək geniş olsun!

I e l ç i.
Gözünüz görsə də, odlar, alovlar,
Sizə şirin gəlir xəyalplovlar.

I I e l ç i.
Di salamat qalın!

Elçilər gedirlər.

V i d a d i.
Gedin! Yanılmışdır sizi göndərən,
Başqa bir aləmin qonağıyam mən!
Bu fani dünyanın kefi, ləzzəti
Axırda yaradır könül möhnəti.
Gedin, aldadammaz məni saraylar!
Burda həmdəmimdir ulduzlar, aylar,
Burda gecələrin qərib səsi var.
Könlümün incə bir kəmənçəsi var...
Ona toxunmasın o soyuq əllər,
Mənim sarayımdır yüksək əməllər!..

T ü k ə z b a n.
Vidadi, nə dedin, lap ürəyimdən!
Ömür sürməmisən qoltuqlarda sən.
Belə cavab verən dilin var olsun!
Yurdunu atana dünya dar olsun!

V i d a d i.
Tükəzban! O saray qan ocağıdır,
Onun hər vüsalı hicran dağıdır.
Bir düşün Vaqifi, daima gülən,
Daima şadlanan o böyük hünər
Bəzən taleyindən şikayət yazır;
Səbəb? — Saraylardır...

Arxadan səs gəlir.

V a q i f.
Ay ev yiyəsi!

T ü k ə z b a n.
Aman! Bu olmasın Vaqifin səsi?

V i d a d i.
Deyəsən, özüdür.

Bir nəfər kəndli tələsik içəri girir.

K ə n d l i.
Vidadi! Vidadi! Gözlərin aydın!
Vaqif qonaq gəlir...

Vaqif bir bölük kəndli ilə daxil olur. Vidadi Vaqifi görən kimi özünü onun üstünə salır, qucaqlaşıb öpüşürlər.

V i d a d i.
Canım! Ciyərim!
Yolunu gözləyən zəif gözlərim
Artıq işıqlandı, nə yaxşı, of, sən...
Vəfasız deyildin sən ki əzəldən.

Əyləşirlər.

V a q i f.
Günah mənimkidir, əfv elə, ustad!
Sənsiz olmamışdır bir gün könlüm şad.
Yuxumda görmüşəm səni gecələr,
Sənsiz gülməmişdir ruhuma səhər.

T ü k ə z b a n.
Yaxşı, ay utanmaz, bir de, yadından
Çıxdı bir dəfəlik Tükəzban xalan?

V a q i f.
Tükəzbanın boynundan qucaqlayaraq
Yox... yox, sən anadan arıqsan mana,
Həyatım olduqca borcluyam sana!