Var (Məhəmməd Xəlifə Aciz)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var Müəllif: Məhəmməd Xəlifə Aciz |
Ey fələk, günündən artıq,
Bu gözəlin camalı var.
Sənin bircə yeni ayın,
Bunun iki hilalı var.
Di gəl haqdan keçmə fələk,
Əgər gələ yüz min mələk,
Gör hansının bu gözəl tək,
Ağ üzdə xəttü xalı var?
İstərsən eylə imtahan,
De çıxsın xurşidi-taban,
Yar arizin etsin əyan,
Gör hansının zəvalı var.
Mən Acizəm, dərdin alım,
Sənə bəyandır əhvalım,
Bu dönüb baxmağın, zalım,
Bir ev yıxan xəyalı var.