Var (Sarı Aşıq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Sarı Aşıq


Gəldi qasid, dedi mən biqərara,
Şuxi-dilrübanın iztirabı var,
Şöleyi-ah Sürəyyadan keçibdi,
Gündüz nə arami, nə şəb xabı var.
 
Bu xəbər ki, yetdi mən dili-zara,
Xalqdan mən özümü çəkdim kənara,
Ağlayıb yalvardım pərvərdigara,
Dərdimin nə həddi, nə hesabı var.
 
Nə xoş çəkib səni nəqqaşi-əzəl,
Qəza şövkətinə vermisən xələl,
Gözəllikdə sənsən şəxsi-bibədəl,
Hərçəndi-fələkin afitabı var.
 
Xəm qılıb qamətin fələk aşikar,
Rüyəti camalın çəkər intizar,
Dolanır başına hər leylü nahar,
Əlində təsəddüq mahi-tabı var.