Məzmuna keç

Var (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Bir səhrada on yeddi qəzəynən
Onların bir sak üzrə xub qərarı var.
Birisində doxsan iki əl gördüm,
Cəsət bir, gərdən üç, altı səri var.

Səksən min molladı, səksən min seyid,
Səksən min xiyaban, səksən min meyid,
Cəmində yazılıb, səksən min şəhid,
Səksən min şəhidin beş məzarı var.

Beş məzardan qalxır yeddi əlamət,
Onlar bir-birinə vermir heç möhnət,
Hər kimsə istəsə kəndində dövlət,
Bircə zərrə onun simi-zəri var.

Xəstə Qasım sözün yetdi tamamə,
Gün doğan, gün batan gələr salamə.
Nə alim işidi, nə də üləma,
Təcnis mənasının çox hünəri var.