Var (gəraylı, Xəstə Qasım)
Görünüş
Var (gəraylı, Xəstə Qasım) Müəllif: Xəstə Qasım |
Əzəl başdan bu dünyanın,
Xalq eyləyən ətası var.
Eşq əhlinə tənə olmaz,
Çünki haxdan butası var.
Aqil gözlər yol-ərkanı,
Adil gözlər gövhər kanı.
Zatı pakı yaxşı tanı,
Mərd oğlun mərd atası var.
Xəstə Qasım Tikmədaşlı,
Könlü tarmar, gözü yaşlı.
Söz danışma iki başlı,
Yanlış sözün xətası var.