Var bu cahandan özgə bizim bir cahanımız

Vikimənbə saytından
Var bu cahandan özgə bizim bir cahanımız
Müəllif: İmadəddin Nəsimi


Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız.

Zatına həyyü baqi demişlər bu cövhərin,
Şol kim, bizim-cahanımız olmuş bu canımız.

Ey də’vət eyləyən bizi firdövsə, eylə bil,
Cənnətdən özgə vardurur ə’la məkanımız.

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi,
Andandır aşikara bu gənci-nihanımız.

Cövhərləri zühura gətirdi çü nitqi-həq,
Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız.

Ol kim, bizim həqiqətimizdir xəyalımız,
Yoxdur nişanı qılca, nə bilsin nişanımız.

Sən bu Nəsiminin dilini anla, bil sözün
Kim, var bu dildən özgə bizim bir lisanımız.