Məzmuna keç

Varmıdır

Vikimənbə saytından
Varmıdır
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.341.

Mən dərvişəm deyə köksün gərərsən,
Həqqi zikr etməyə dilin varmıdır?
Kəndini görsənə, eldə ararsan,
Halın hal etməyə halın varmıdır?

Bir gün balıq kimi ağa sararlar,
Mürşiddən, rəhbərdən xəbər sorarlar,
Tüstü yaxıb guşə-guşə ararlar,
Mən arıyam dersən, balın varmıdır?

Dərdli olmayanlar dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönərmi?
Hər bir uçan gül dalına qonarmı?
Mən bülbüləm dersən, gülün varmıdır?

Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş olmaz,
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?