Məzmuna keç

Verəli dil o qarə tellərə naşad olubam

Vikimənbə saytından
Verəli dil o qarə tellərə naşad olubam
Müəllif: Hacı ağa Fəqir Ordubadi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Verəli dil o qarə tellərə naşad olubam,
Qanlı yaş cari edib, qəmlərə mötad olubam.

Xəmi-zülfündə məqam eyləyəli xəstə könül,
Qüssəyə tuş olub, xanəsi bərbad olubam.

Necə səhrayə gedim ahu şikar eyləməyə,
Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam.

Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim,
İndi nolmuş sənə, mən özgə kimi yad olubam?!

Oğru zülfündən əgər könlümü alsam, dəxi mən
Vermərəm dil ona, bundan belə ustad olubam.

Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı,
Qəmi-dəbxi unudub sərvtək azad olubam.