Verəm (Çoban Məhəmməd)

Vikimənbə saytından
Verəm (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 41

Dostum məndən bir əmanət istəyib,
Ümidvaram, yaxın zamana verəm.
İxtiyarım ola, qüdrətim çata,
Yaxşının dərdini yamana verəm.

Divan olsam, nainsafam, çox nəsəm,
İsbat olan cinayətə tək bəsəm.
Qanmazın ömründən qayçıynan kəsəm,
Götürəm aşkara, qanana verəm.

Məhəmmədəm, halal etdim qanımı,
Eşqə düşən mənim kimi yanımı?
Əzrayıla saxladığım canımı,
İnsafdımı, indi canana verəm?!