Məzmuna keç

Verdilər

Vikimənbə saytından
Verdilər
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Atlaz yorğan, atlaz döşək yumuşaq,
Boynuma almışam bir parça uşaq.
Aşıq Heydər, gəl mərdana danışaq,
Baba, məni bir nadana verdilər!

Səhər olar durar gedər quzuya,
Ağ lavaşı doğrar tökər tazıya.
İgid deyil ağ baldırım qavzıya,
Baba, məni bir nadana verdilər!

Qoyun deyil, qoyunlara qatam mən,
Öküz deyil, cələblərə çatam mən,
Igid deyil sarılam mən, yatam mən,
Baba, məni bir nadana verdilər!

Necə baxım, indi bu ev - eşiyə,
Sınıq – salxaq toz basmış boş beşiyə.
Səhər – səhər durub qaçır meşiyə,
Baba, məni bir nadana verdilər!

Kol - kos yığıb yad ocağını yandırır,
Çöldən gəlib, qab - qacağı sındırır.
Nahaq yerə bu Sənəmi yandirir,
Baba, məni bir nadana verdilər!