Məzmuna keç

Verir (divani, Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Verir
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.339 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Bir mərdə qonaq gedəndə, gülə-gülə nan verir,
Namərd bir mehman görəndə, görərsən ki, yan verir.
Hanı Hatəm kimi Hatəm, süfrə sala, ad ala,
Hanı Loğman kimi Loğman, xəstələrə can verir.

Bir adamdan Allah alsa, gündüz ona gecədi,
Bir adama qarğış keçsə, çalışdığı becədi,
Bir adama alqış keçsə, onun haqqı ucadı,
Bir adama Allah versə, görərsən hər yan verir.

Davud kimi nəbi hanı, qəmləri dəm eliyə,
Həmzə kimi igid hanı, rəqibi rəm eliyə?!
Süleymantək Süleyman yox, aləmi cəm eliyə,
Kişi olan el yolunda canını qurban verir.

Qocalıbsan, Aşıq Alı, sığın haqqın adına,
Gecə-gündüz zikir eylə, beş vaxtı sal yadına,
Uzaqdan çağırarsan, yaxından yetər dadına,
Zəlillərin mətləbini, ol Şahi-Mərdan verir.