Məzmuna keç

Veteran babanın şəhid nəvəsi

Vikimənbə saytından
Veteran babanın şəhid nəvəsi (2023)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan" qəzeti, № 26 (502), 21 iyul 2023, səh.6

Sinif yoldaşlarımdan 14-ü Birinci Qarabağ müharibəsində iştirak etmiş, 6-sı şəhid olmuşdur. İyulun 29-u şəhid olan sinif yoldaşlarımdan birinin – Ziyanın 50 illik yubileyi keçiriləcək. Şəhidlərin yubiley tədbirlərinin keçirilməsi kəndimizdə artıq ənənə halını alıb. Bu, çox yaxşı örnəkdir. Ziyadan öncə Mehdinin, Yasifin, Elçinin, Qulamın da yubileyləri qeyd olunub. Oktyabr ayının 1-də isə Rəşadətin 50 illik yubileyinin qeyd olunması nəzərdə tutulur. Bu yubiley tədbirlərinin təşkilində maddi və mənəvi dəstək olan hər kəsə şəxsən təşəkkür edirəm. Çünki heç bir şəhid unudulmamalıdır. Onlar bizim əbədi and yerimiz olmalıdırlar.
Quliyev Ziya Yelmar oğlu 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulmuşdur. Ziyanın babası Əli kişi 1939–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, veteran kimi doğulduğu Göyçə mahalının Daşkənd kəndinə qayıtmışdır. 1953-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuş, 24 may 1974-cü ildə Yeni Daşkənd kəndində vəfat etmişdir. Bir neçə il öncə arxiv sənədlərindən əldə etdiyim məlumatlara görə, o üç dəfə yaralanmışdır. 3-cü Belarusiya cəbhəsində “5 A” hərbi hissəsinin 215-ci atıcı diviziyasının 711-ci atıcı alayında döyüşmüş Əli Abdulla oğlu Quliyev 16 dekabr 1941-ci ildə Rostov istiqamətində əlindən güllə yarası, 10 may 1943-cü ildə Kerç şəhəri yaxınlığında sağ əlindən, 23 oktyabr 1943-cü ildə isə Orşa şəhəri yaxınlığında belindən qəlpə yarası almışdır. 13 iyun 1944-cü ildə “İgidliyə görə” medalı ilə təltif olunmuş, Berlin uğrunda son qələbə döyüşlərində iştirak etmişdir. Məhz buna görə də Əli kişi 1945-ci ilin 9 May Qələbə günündə “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur.
Belə bir igid babanın nəvəsi Ziya da Birinci Qarabağ müharibəsi başlar-başlamaz könüllü olaraq Bərdə RHK-na müraciət edərək döyüşlərə qoşulmuşdu. Orta məktəbdə Ziya çox zəif oxusa da, maraqlıdır ki, heç vaxt dərs buraxmazdı. Bütün dərslərdə, məktəbin kütləvi tədbirlərində iştirak edərdi. Xüsusən şəhidlərə aid edilən yaxşı bir söz var: Tarix oxumasa da, özü tarix yazdı. Baxın, Ziya Quliyev də şəhidliyi ilə şanlı belə bir tarix yazdı.
O, “N” saylı hərbi hissənin atıcısı kimi ikiaylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Sıravi əsgər olan Ziya Quliyev Kəlbəcər rayonunda bud nahiyəsindən ağır yaralanmış, 2 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı geri çəkilən ordu hissələri ilə bərabər xeyli yolu geri gəlsə də, döyüş bölgəsindən çıxa bilməmişdi.
Bu hadisə ilə bağlı Yeni Daşkənddən olan döyüşçü Mehman Kərimovun söylədiklərindən: “Kəlbəcərin işğalından üç gün keçmişdi. Bərşad kənddə danışdı ki, Ziya ağır yaralı idi, yeriyə bilmirdi: “Onu atla xeyli gətirsəm də, Lev kəndinin yaxınlığında atın ayağı qırıldı. Atı buraxandan sonra, məlum bir yerdə Ziyanı qoydum ki, gedim kömək gətirim”. Bərşadın bu söhbətindən sonra kənddən 10–12 nəfər – Tofiq (Bərşad) Əsgərov, Maşallah Nəzərov, İmamqulubəylidən Zöhrab, Müsəllim Camalov, mən, Eldəniz Nəzərov, Fazil Hüseynov, Fərman Quliyev, Elşən Quliyev və başqaları yığışıb Ziyanın dalınca getdik. Daşkəsən tərəfdən Kəlbəcərə “El yolu” deyilən yolla Alaxançallıdan Lev istiqamətində çığırlarla getməyə başladıq. Gedib düz Lev kəndinin baş tərəfinə çatdıq. Gördük ki, camaat üç gün əvvəl çıxsa da, kəndə heç erməni də girməmişdi. Çay gur gəldiyindən, həm də bərk şaxta olduğundan çayı keçə bilmədik. Fermanın yanında iki əsgər çayı keçsə də, donub ölmüşdülər. Bərşad dəqiq xatırlaya bilmirdi ki, Ziyanı harda qoyub gəlib. Hansı dağı aşırdıqsa, deyirdi bunun arxasındadı. Gəzirdik, tapa bilmirdik. Keçirdik o biri dağı axtarmağa. Beləcə artıq yorulub əldən düşmüşdük. Amma Bərşad haranı nişan verdisə, hamısını axtardıq. Tapa bilməyib kor-peşman geri qayıtmalı olduq. Piyada qarlı-şaxtalı havada çox gəzdiyimizdən bərk yorulmuşduq. Artıq özümüz də halsız vəziyyətdə idik. Onu da deyim ki, özümüz də çox çətinliklə oradan geri qayıda bildik”.
Ziya subay idi. Onun məzarı olmasa da, şəkli rəhmətlik atası Yelmarın məzar daşına həkk olunmuşdur. Eyni zamanda, 2021-ci ildə Yeni Daşkənd kəndində tikilmiş möhtəşəm “Vətən şəhidləri abidəsi”nə də barelyefi vurulmuşdur.
2018-ci ildə EL TV-nin “Əsgər” verilişinin “Şəhidlər” rubrikasında Ziya Quliyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlanmışdır.
Əziz sinif yoldaşım Ziya, artıq sənin ruhun şaddı. Çünki Azərbaycanımızın qəhrəman oğulları artıq üç ildir ki, nəinki sənin uğrunda şəhid olduğun Kəlbəcəri, bütün işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etmişlər.
Ruhun şad olsun, veteran babanın şəhid nəvəsi!