Məzmuna keç

Vurursan

Vikimənbə saytından
Vurursan (1899)
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.53

 
Sitəmkarsan, sən sinəmə,
Yara pünhandan vurursan.
Gahdan aşkar - aləm görür,
Ara pünhandan vurursan.
 
Kəskindi - müjganın almaz,
Ox vurar - yara sağalmaz.
Zülfün əqrəb, əfsun almaz,
Mara, pünhandan vurursan.

Qəmdən boynum bükdürürsən,
Didəm yaşın tökdürürsən.
Zülmkarsan - çəkdirirsən,
Dara, pünhandan vurursan.
 
Daş ürəkli, a qəlbi təng,
Axır qanım irəng-irəng.
Kamil ovçu, süzən tüfəng,
Vura, pünhandan vurursan.
 
Qurban qurbandı qaşlara,
Yanındakı yoldaşlara.
Yaxdın canım ataşlara,
Nara pünhandan vurursan.