Xın Bu və Nor Bu qardaşlarının nağılı
Xın Bu və Nor Bu qardaşlarının nağılı Müəllif: Şifahi xalq ədəbiyyatı |
İki qardaş vardı.
Böyük qardaş Nor Bu dövlətli və zalım idi, elə zalım idi ki, qonşuların qanını qaraltmaq üçün quyuya tüpürər, itləri yoldan keçənlərin üstünə qısqırdardı. Kiçik qardaş Xın Bu isə darısqal və qaranlıq daxmasında öz böyük ailəsilə nə qədər pis dolansa da, xoşrəftar və rəhmdil idi; hərəni bir dillə danışdıra bilirdi, o özünün axırıncı tikəsini ehtiyacı olan hər kəslə bölməyə hazır idi. Bir dəfə elə ittifaq düşdü ki, Xın Bunun əkinini su basıb tələf etdi, qardaşının yanına getdi ki, ondan bir az darı istəsin. Nor Bu qapının ağzında qardaşını görən kimi söyüb qovdu. Xın Bu bir kəlmə söz demədən qayıdıb evinə getdi. Arvadı onun üzünə baxan kimi o saat başa düşdü ki, əli boş qayıdıb. Ona ürək-dirək verib dedi:
– Vaxt olar ki, biz də yaxşı yaşayarıq. Ay kişi, heç ürəyini sıxma!
Bahar gəldi. İlk qaranquşlar uçub gəldi. Qaranquşlardan biri yoxsul Xın Bunun evinin qamış damı altında özü üçün yuva tikdi. Xın Bu qaranquşu görüb dedi:
– Sən nə üçün mənim deşik-deşik damımın altında özün üçün yuva tikdin? Köhnə qamış sənin balalarını küləkdən qoruya bilməz, mənim həyətimdə isə dənləməyə sən nə bircə dən, nə də çörək qırıntısı tapmazsan.
Qaranquş Xın Bunun damı altında bala çıxartdı. O, bütün günü uçub milçək tutur, balalarına Yedirdirdi.
Xın Bu yoxsulluğuna baxmayaraq, hərdənbir qaranquş üçün yerə çörək qırıntıları atırdı...
Bir dəfə bir ilan qaranquşun yuvasına çıxıb balaların üstünə atıldı. Xın Bu bunu görüb ağacını qapdı və qışqırmağa başladı. İlan ürküb geri süründü. Ancaq qaranquşun balalarından biri yuvadan yıxılıb ayağını sındırdı. Xın Bu balanı yerdən götürüb onun ayağını müalicə etməyə başladı. Xın Bu öz komasında yuva qayırıb balanı ora qoydu.
Bala böyüyüb qol-qanad bağlayandan sonra Xın Bu onu uçurub dedi:
– Sən uç get öz məmləkətinizə, qaranquşlar ölkəsinə! Uç get özünə xoş gün qazan!
Qaranquş qanad çalıb Xın Bunun komasının başına hərləndi, cikkildədi, qaranquşların qışı keçirtdikləri öz isti ölkələrinə uçub getdi.
...Yenə də bahar gəldi. Qaranquşlar yenə də öz köhnə yerlərinə uçub gəldilər. Xın Bunun qulluq edib sağaltdığı həmin qaranquş da uçub gəldi.
Xın Bu öz komasının qabağında oturmuşdu, ürəyindən qara qanlar gedirdi. Yenə də düyü və darı əkmək vaxtı gəlib çatıb, onun isə nə dəni var, nə də yeri; məmurlar gəlib borcuna görə hamısını əlindən alıblar.
Qaranquş Xın Bunun koması üstündə hərlənib cikkildədi və yerə nə isə bir şey atdı. Xın Bu onu götürüb gördü ki, kudu tumudur. Qaranquşa dedi:
– Elə bunun üçün də çox sağ ol! Əkməyə elə onsuz da dənimiz yoxdur. İndi heç olmazsa kudu əkərik.
Xın Bu kudunu lap komanın qabağında əkdi.
Kudu tumu cücərib, özünü tutdu. Böyüməyə başladı. Xın Bunun ailəsi kuduya yaxşı qulluq edirdi. Kudu iriləşib lap yekə oldu, tağı qalxıb bütün komanı örtdü. Tağ gül tökdü, sonra da bar verməyə başladı. Payıza Xın Bunun damında üç yekə kudu yetişdi. Kudular o qədər iri idi ki, heç kəs o boyda kudu görməmişdi. Kudu dəydi. Xın Bu kuduları dərdi. Sonra da mişarlamağa başladı.
O, birinci kudunu mişarlayıb qurtaran kimi o saat onun içindən hər cür yeməklər çıxmağa başladı. Özləri də elə yeməklər idi ki, ağzına qoyan kimi hər cür xəstəlik sağalırdı. Bu yeməklər yüz cür də xəstəlik olsa idi sağaldırdı. Xın Bunun keyfi kökəldi. Axı özü qaranlıq və rütubət komasında tez-tez xəstələnirdi! O, ikinci kudunu kəsməyə başladı. Xın Bu kuduya əlini vuran kimi o saat özü yarı bölündü. Kudunun içindən cürbəcür paltar çıxdı. Xın Bu sevindi – axı o, cır-cındıra həsrət idi. Xın Bu axırıncı kudunu götürüb kəsdi. Bunun içindən böyük dövlət çıxdı: qızıl, gümüş, qiymətli qaş-daş... Xın Bu lap sevindi! O bilirdi ki, məmur borcunu istəyəndə, bir qara qəpiyin də böyük qiyməti var!
Xın Bu indi öz ailəsilə yaxşı dolanırdılar. Özünə kirəmidli damı olan böyük ev tikdirdi; hər şeyi gen-bol var idi: yeri də, paltarı da, yeməyi də. Xın Bu qaranquşu da yaddan çıxarmadı. Damın qırağında elə əyilmiş karniz qoydurdu ki, qaranquşlar üçün yuva tikmək asan olsun. O vaxtdan bəri koreyalılar evlərinə bu cür karniz qoyurlar.
İndi bu xeyirxah qardaşın, ürəyin istəyən hər şeyi var idi. Yoldan keçənlərə Xın Bu bir şey verməyi əsirgəməzdi. Xın Bu əvvəllərdə olduğu kimi əli aşağı düşən adamlara hər cür köməklik edirdi.
Acgöz qardaşı eşitdi ki, Xın Buya xoşbəxtlik üz verib; dövlət başından aşır. Paxıllığından hətta Nor Bunun yuxusu da çəkildi. Qəddar arvadının isə ondan da çox paxıllığı tuturdu. Nor Bunun arvadı dözə bilməyib kiçik qardaşgilə getdi. Bilmək istəyirdi ki, Xın Bu nədən belə varlanıb. Xın Bunun təzə evini görəndə paxıllığından az qaldı ürəyi partlasın. Xın Bu gördü ki, qardaşı arvadı dayanıb onun evinə baxır, onu içəri çağırıb yuxarı başda əyləşdirdi, qabağına cürbəcür yeməklər gətirib qoydular. Nor Bunun arvadı bir o qədər yemirdi, hey başını hərlədib evdəki şeylərə baxırdı ki, görsün Xın Bunun nəyi var. Axırda dözə bilməyib Xın Budan soruşdu ki, bu vardövlət hardan əlinə keçib. Xın Bu da nə gizlətsin? Bütün əhvalatı olduğu kimi danışdı.
Varlının arvadı tez qaçıb evinə getdi. Xın Bunun evində gördüyü şeylərdən, bir az da özündən şişirdib danışdı. Nor Bu ilə arvadı xeyli oturub danışdılar və Xın Bunu ona üz verən xoşbəxtlik üçün lənətləndirdilər. Nor Bu dedi:
– Eybi yoxdur. Yaza qədər gözləyərik... Mən də elə eləyərəm ki, qaranquş bizim üçün də xoşbəxtlik gətirsin. Əgər o, dilənçi, axmaq Xın Bu o qədər dövlət ala bilmişsə, biz ondan bir on qat artıq alarıq!
Yenə də yaz gəldi. Qaranquşlar isti ölkələrdən uçub gəldilər. Özlərinə yuva tikməyə başladılar. Nor Bunun evinin damının altında da qaranquş özünə yuva tikdi. Qaranquş bala çıxartdı. Nor Bu balaları görüb daha ilanı gözləmədi – özü çıxıb balaların bircəciyini saxlayaraq qalanlarını boğub öldürdü. O, balanı evinə gətirib qıçını sındırdı və müalicə eləməyə başladı. Sağaldıb yaxşı elədi. Götürüb buraxdı uçsun, özü də dedi:
– Yadından çıxartma ki, mən səni sağaltmışam. Sən sınan ayağınla nəyə yarayacaqdın! Mən səni müalicə edib sağaltdım... Bir gör nə qədər dərman işlətmişəm!
Qaranquş uçub öz ölkələrinə getdi.
Yenə də yaz gəldi. Qaranquşlar qayıdıb gəldilər. Nor Bu evin artırmasında oturub göyə baxırdı. Qaranquşları görüb qışqırdı:
– Bəs mənə borclu olan qaranquş hanı? O da uçub gəlirmi?
Nor Bu mis qəlyanı əlində, qıllı qara şlyapasını dala itələyib oturmuşdu, ətli sifəti işıldayırdı, həris gözləri parıldayırdı... Qaranquş uçub gəldi. Nor Bunun evinin üstünə çatanda, onun üçün kudu tumu ataraq çıxıb getdi.
Nor Bu tumu götürüb evinin qabağında basdırdı. Heç kəsi yaxına buraxmır, özü isə bir dəfə də artıq sulamır, çünki yekə qarnı əyilməyə mane olurdu. Kudu göyərməyə başladı. Tağı böyüyürdü. Nor Bu baxmaqdan doymurdu, deyirdi ki: “Bircə tez yetiş!” Kudu tağı uzanıb Nor Bunun evinin damının üstünü tutdu. Payıza üç iri kudu yetişdi. Nor Bu onları mişarlamağa başladı. Əlləri əsir, acgözlüyündən ağzının suyu axırdı...
O, kudunun birini mişarlayıb qurtardı – içindən o qədər kəpənək qurdu çıxdı ki! Kəpənək qurdları Nor Bunun tarlasına cumub bütün taxılı yedilər.
Dövlətli əlini ikinci kuduya vuran kimi içindən qaçaq-quldur çıxdı, Nor Bunun bütün qızıllarını yığışdırıb yox oldular... Nor Bu əl atıb üçüncü kudunu götürəndə alov çıxdı. Nor Bunun dövlətli böyük evi yanıb kül oldu, Nor Bu da acgöz arvadı ilə yandılar. Sonuncu dövlətləri olan həyatlarını itirdilər.
Əhvalat bura çatanda nağıl da qurtardı...