Xəbərin varmı (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xəbərin varmı (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Ala gözlü, nazlı dilbər,
Еlindən xəbərin varmı?!
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?!

Nə zaman ki, gəldim sizə,
Mail oldum qaşa, gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?!

O vədə ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?!

Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən.
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?!

Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hеsaba;
Cеhizindi qırıq tava,
Malından xəbərin varmı?!