Məzmuna keç

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz

Vikimənbə saytından
Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.168.

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz,
Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.

Zahida, tərk etmə şahidlər vüsali-rahətin,
Gər ibadətdən həmin qilmanü huradır qərəz.

Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var,
Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.

Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst
Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.

Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq,
Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.

Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkim
Kim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.

Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər,
Surəti-halın, gər izhari-təmənnadır qərəz.