Xəm qədilə ağılaram ol türreyi-tərrarsız

Vikimənbə saytından
Xəm qədilə ağılaram ol türreyi-tərrarsız
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.140.

Xəm qədilə ağılaram ol türreyi-tərrarsız,
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.

Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,
Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.

Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,
Su verib ol nəxli bəslərdimmi olsa barsız?

Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,
Zinhar, ol kuyə varma ahi-atəşbarsız.

Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,
Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.

Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.

Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,
Pənd çox verdim, eşitməz arsızdır, arsız.